Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin həbsxanada keçirdiyi aclıq aksiyasına görə səhhətinin pisləşməsi haqqında şəxsi həkiminin açıqlamasından sonra onun tərəfdarları Rustavi şəhərindəki cəzaçəkmə müəssisəsinin qarşısında toplaşıblar.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, onlar müxalif "Mtavari arxi" telekanalının canlı yayımında siyasətçidən aclığı dayandırmağı xahiş ediblər.
Telekanalın baş direktoru, Saakaşvilinin vəkili Nika Qvaramiya bildirib ki, əgər yaxın saatlarda ona tibbi yardımı göstərilməsə, aclıq Saakaşvilinin ölümünə gətirib çıxara bilər.
O, bu gün həbsxanada Mixeil Saakaşvili ilə görüşəcəyini deyib. Vəkil bildirib ki, sabiq dövlət başçısının həyatını xilas etmək üçün mümkün olan hər şey ediləcək. “O, bizə canlı lazımdır, bizə onun haqqında xatirə lazım deyil", - Qvaramiya vurğulayıb.
Vahid Milli Hərəkat Partiyasının sədri Nikanor Meliya da bildirib ki, Saakaşvili aclığı dayandırmalıdır.