Tbilisidə 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib

Tbilisidə 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib Tbilisidə Gürcüstanın Milli Parlament Kitabxanasının zalında 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Region
20 Yanvar , 2022 17:43
Tbilisidə 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib

Tbilisidə Gürcüstanın Milli Parlament Kitabxanasının zalında 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, mərasim Azərbaycanın Gürcüstandakı səfirliyi və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir iştirakçıları ilk öncə “Qanlı Yanvar”ı əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçiriblər. Anım mərasimi 20 Yanvar və 1989-cu ilin aprelin 9-da Tbilisidə baş vermiş qanlı hadisələrin şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycan səfiri Faiq Quliyev çıxış edərək 20 Yanvar faciəsinə aparan hadisələrin xronologiyasından danışıb. O deyib ki, bu günü Azərbaycan xalqı yalnız hüzn və matəm günü kimi deyil, həm də şərəf və qəhrəmanlıq günü kimi qeyd edir.

F.Quliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin  20 Yanvar faciəsinə hüquqi qiymətin verilməsində böyük rolunu qeyd edib:  “Heydər Əliyev faciədən sonra ailə üzvləri birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək xalqa həmrəylik nümayiş etdirmiş, sovet rəhbərliyinin öz vətəndaşlarına qarşı törətdiyi dəhşətli cinayətə kəskin etirazını bildirmişdi və təşkilatçıları ifşa etmişdi".

Səfir qeyd edib ki, 20 Yanvar faciəsi insanlığa qarşı cinayət kimi səciyyələndirilməli, təşəbbüskar və icraçıları mütləq şəkildə cəzalandırılmalıdır.

Diplomat Azərbaycan və gürcü xalqlarının azadlığa gedən yolda oxşar talelər yaşadığını vurğulayıb: "Azərbaycanın Gürcüstanla tale və qan bağlılığının bariz nümunəsi 20 Yanvar hadisələrində şəhid olanlar arasında Gürcüstan əsilli 6 azərbaycanlının da olmasıdır və onlardan biri Bolnisinin Faxralı kəndində dəfn olunub. 9 Aprel və 20 yanvar tarixləri hər iki xalqın yaddaşına əbədi həkk olunub və şəhidlərin əzizi xatirələri qəlblərdə daima yaşayacaq".  

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan da çıxış edərək deyib ki, Azərbaycanın müstəqilliyi 20 Yanvar şəhidlərinin qanı bahasına əldə olunub: "32 il öncə şəhid olanların ruhu 2020-ci ildə Azərbaycanın Zəfəri ilə rahatlıq tapdı. Bölgədə mücadilə hələ bitməyib, qarşımızda bölgədə barış, rifah və sabitliyi yaşatmaq durur. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın yolunun açıq olacağına əminəm".

Daha sonra gürcüstanlı jurnalist, 20 Yanvar hadisələrinin şahidi Bəhram Mehdi, Gürcüstanın əməkdar artisti, 9 Aprel hadisələrinin şahidi Nana Abaşidze faicələrlə bağlı acı xatirələrini bölüşüblər.

Tədbirdə Azərbaycanın Əməkdar artistləri – pianoçu Nərgiz Əliyeva və kamança ustası Fəridə Məlikova, violençelist Giorgi İmanov həzin musiqilər ifa ediblər, gürcü aktyorlar 20 yanvar və 9 Aprel faciələrinim ağrı-acısını, iztirablarını əks etdirən pantomim səhnəciklə çıxış ediblər.

Mərasimdə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, Marneuli meri Kənan Ömərov, parlament üzvləri Zaur Darğallı və Savalan Mirzəyev, azərbaycanlı və gürcü ziyalılar, iş adamları, gənclər iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi