Gürcüstanın müxalifət partiyalarının Tbilisidə parlament binası önündə keçirdikləri mitinq yekunlaşıb.
“Report”un yerli bürosu xəbər verir ki, aksiyanın bəzi iştirakçıları ərazidə qalmaqda davam edirlər.
Onlar gecəni qanunverici orqanın binası qarşısında qurulan çadırda keçirəcəklərini bildiriblər.
Avropalı Gürcüstan Partiyasının liderlərindən biri Gigi Uqulava da Rustaveli prospektini tərk etməyəcəyini deyib. Onun sözlərinə görə, müxalifət liderləri qrafik əsasında parlament qarşısında bir-birilərini növbəli şəkildə əvəzləyəcəklər.
Qeyd edək ki, bu gün saat 15:00-da hökumət binasının qarşısında başlayan mitinq daha sonra parlamentin önündə davam etdirilib. Aksiyaçılar Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. Müxalifət fevralın 26-na yürüş-aksiya təyin edib.
Tbilisidə müxalifətin mitinqi Gürcüstan parlamentinin binası qarşısında davam etdirilir.
“Report”un yerli bürosu xəbər verir ki, binanın önündə Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.
Aksiyaçılar qanunverici orqanın qarşısında çadır qurublar.
Tbilisidə müxalifətin mitinqi davam edir.
“Report”un yerli bürosu xəbər verir ki, aksiyaçılar parlamentin binası qarşısına doğru yürüş edəcəklər.
Təşkilatçılar bildiriblər ki, fevralın 26-da Tbilisidə sovet işğalının 100 illiyinə etiraz və azadlıq tələbi ilə yürüş keçiriləcək.
Gürcüstan paytaxtı ilə yanaşı Batumidə də Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın azadlığa buraxılması tələbi ilə aksiya keçirilir.
Tbilisidə müxalifət partiyaları Gürcüstanın hökumət binasının qarşısında mitinq keçirirlər.
“Report”un yerli bürosu xəbər verir ki, aksiyada Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsinə etiraz bildirilir.
Əraziyə polis qüvvələri cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.