Tbilisidəki Nizami Gəncəvi küçəsinə yeni ünvan lövhələri vurulub

Tbilisidəki Nizami Gəncəvi küçəsinə yeni ünvan lövhələri vurulub Gürcüstanın paytaxtı Tbilisidə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan küçəyə yeni ünvan lövhələri vurulub.
Region
12 Yanvar , 2021 12:15
Tbilisidəki Nizami Gəncəvi küçəsinə yeni ünvan lövhələri vurulub

Gürcüstanın paytaxtı Tbilisidə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan küçəyə yeni ünvan lövhələri vurulub.

“Report”un yerli bürosu xəbər verir ki, Tbilisi şəhər Şurasının hazırladığı 5 lövhədə şairin adı və soyadı gürcü dili ilə yanaşı ingilis dilində də yazılıb.

Tbilisinin Krtsanisi rayonunda yerləşən kiçik küçə boyu onun adını bildirən lövhələrə son illərdə rast gəlinmirdi. Küçədəki evlərdən birinin darvazasında bu günədək qalan bir köhnə lövhədə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin gürcü və rus dilində soyadı səhvən Gəncəli olaraq göstərilib.

Müəllifi İrakli Abaşidze olan və 2008-ci ildə işıq üzü görən “Tbilisi – Küçələr, prospektlər, meydanlar” adlı ensiklopediyada Nizami Gəncəvi küçəsinin tarixi barədə məlumat yer alıb. Topluya əsasən, Tbilisinin köhnə Xarpuxi məhəlləsindəki (XVII əsrdə Seyidabad adlandırılıb – red.) küçə Giorgi Merçuli və Teleti küçələri arasında yerləşir. Küçə XIX əsrdə yaranıb və XX əsrin 30-cu illərində Nizami Gəncəvi döngəsi kimi tanınıb.

Tbilisi ilə yanaşı Gürcüstanın Kutaisi şəhəri, Marneuli və Qardabani rayonlarında da böyük mütəfəkkirin adını daşıyan küçələr var.

Qeyd edək ki, bu il Şərq poeziyasının görkəmli nümayəndəsi Nizami Gəncəvinin anadan olmasından 880 il ötür. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci il ölkədə “Nizami Gəncəvi İli” elan olunub.

Son xəbərlər

Orphus sistemi