Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" mövzusunda panel keçirilib.
"Report"un Türkiyə bürosu xəbər verir ki, paneldə Qarabağ Zəfəri ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ilə Türkiyə arasındakı güclü həmrəyliyin bütün türk dünyası məkanında nümayiş olunmasının vacibliyi, bütün sahələr üzrə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılacaq birgə addımlar müzakirə olunub.
Tədbirin moderatoru Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar Azərbaycan və Türkiyə prezidentlərinin rəhbərliyi altında iki qardaş ölkə arasındakı sıx əlaqələr, bu əlaqələrin bütün qurumların həmrəyliyindən özünü göstərməsi və bu birliyin mənəvi güc baxımdan vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edənlər Türkiyədən fərqli olaraq digər türk dünyası dövlətlərində Qarabağ probleminin yetərincə işıqlandırılmaması və 44 günlük Vətən müharibəsi başladıqdan sonra cəmiyyətin bu mövzu ilə daha yaxından tanış olduğunu qeyd ediblər. Vətən müharibəsi nəticəsində qazanılan Zəfərdən sonra bu tarixi hadisə daha geniş miqyasda işıqlandırılmağa başlayıb. Qısa müddətdə bir çox türkdilli ölkələrin bütün xəbər agentlikləri bu məsələ haqqında yazmağa başlayıb, hətta bütün sosial medianın əsas mövzusu Qarabağ Zəfəri olub.
Türkdilli dövlətlər arasında mövcud olan məlumat qıtlığına son qoyulacağını və ölkələr arasında informasiya əməkdaşlığının daha da inkişaf etdiriləcəyinə ümid etdiklərini vurğulayan çıxışçılar bu istiqamətdə yeni layihələrin və əməkdaşlığın həyata keçirilməsinin vacibliyini qeyd ediblər.
Zəfər münasibətilə bütün türk dünyasını təbrik edən Aərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov bu gün yaşadığımız bu tarixi dövrün təməllərinin Azərbaycan və Türkiyə xalqlarının ulu öndərləri Heydər Əliyev və Mustafa Kamal Atatürk tərəfindən atıldığını, iki ölkə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən bu siyasi kursun və qardaşlıq münasibətlərinin layiqincə davam etdirildiyini qeyd edib.
Paneldə gələcək üçün planların həyata keçirilməsində bu forumun, eləcə də medianın rolu xüsusi qeyd edilib, türkdilli ölkələr arasında informasiya mübadiləsinin daha da intensivləşdirilməsi istiqamətində təkliflər səsləndirilib.