Gürcüstan və Türkiyə arasında birgə hərbi müəssisələrin yaradılması ilə bağlı müzakirələr aparılır.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
Müəssisələrin qurumun “Delta” elmi-texniki mərkəzinin bazasında yaradılması təklif olunur. Məsələ Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzenin türkiyəli həmkarı Hulusi Akar və Türkiyənin iri hərbi sənaye şirkətlərinin rəhbərləri ilə İstanbulda baş tutan “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində keçirdiyi görüşlərdə müzakirə olunub.
Nazirlər ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlıq istiqamətlərini də nəzərdən keçiriblər. Tərəflər həmçinin çoxmillətli hərbi təlimlərin, beynəlxalq missiyalarda birgə faydalı iştirakın və NATO ilə əməkdaşlığın əhəmiyyəti barədə də fikir mübadiləsi aparıblar.