Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıçla Ruben Rubinyan arasında Avstriyanın paytaxtı Vyana şəhərində görüş keçirilib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində konkret addımları müzakirə ediblər.
Danışıqların ikinci raundunda S.Kılıç və R.Rubinyan təsdiqləyiblər ki, yekun məqsəd Moskvada keçirilən ilk görüşdə deyildiyi kimi Ermənistan və Türkiyə arasında tam hüquqlu nizamlanmadır.
Proses ilkin şərtlərsiz həyata keçiriləcəyi vurğulanıb.
Türkiyə Xarici İşlər Nazirliyi də xüsusi nümayəndələrin görüşü barədə eyni xarakterli məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Türkiyə 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və bu ölkə ilə bütün əlaqələrini kəsib. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.
Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib.