Türkiyə və Liviya neft və təbii qaz sahəsində əməkdaşlığı inkişaf etdirməyə dair qərar qəbul edib.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz tvitter səhifəsində yazıb.
Aprelin 12-də Ankarada F.Dönməzlə Liviya Milli Birlik hökumətinin neft və təbii qaz naziri Məhəmməd Əhməd Ounun başçılıq etdikləri nümayəndə heyətləri arasında görüş olub.
“Liviya Milli Birlik hökumətinin neft və təbii qaz naziri Məhəmməd Əhməd Oun ilə məhsuldar toplantı keçirdik. Neft və təbii qaz sahəsi başda olmaqla əməkdaşlığımızı inkişaf etdirməyə dair qərar qəbul etdik”, - o bildirib.
Qeyd edək ki, aprelin 12-də Liviya Milli Birlik hökumətinin baş naziri Əbdülhəmid Dibeybe Türkiyəyə rəsmi səfərə gəlib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu qəbul edəcək. Tərəflər arasında təkbətək görüş olacaq. Bundan sonra iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək.