Türkiyə vətəndaşı Gürcüstanda külli miqdarda saxta pul əskinaslarının satışı faktına görə saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib.
İstintaqla müəyyən edilib ki, bu ilin yanvar ayında qanunsuz maddi gəlir əldə etmək məqsədilə əcnəbi vətəndaş 200 ədəd saxta 100 dollar hazırlayıb. 20 min dollar dəyərində olan saxta pullar istintaq tədbirləri çərçivəsində müsadirə olunub.
Faktla bağlı istintaq davam etdirilir. Saxlanılan şəxsi 7 ildən 10 ilədək həbs gözləyir.