“Partlayış nəticəsində yaralanan şəxslər evə buraxılıblar”.
“Report” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hadisədən bir saat sonra partlayışı törədən şəxs tutulub: “O əməlini etiraf edib. Məlum olub ki, həmin şəxsin qardaşı terror təşkilatının üzvü olub. O, 2014-cü ildə zərərsizləşdirilmişdi”.
S.Soylunun sözlərinə görə, terror qruplaşmalarının Türkiyədə həyata keçirməyi planlaşdırdıqları partlayışların çoxunun qarşısı alınır: “Sabitliyimizi pozmaq istəyənlərə imkan verilməyəcək. Mübarizəmiz davam edəcək”.
Nazir terror aktı ilə bağlı istintaqın davam etdiyini vurğulayıb.
Dekabrın 16-da səhər saatlarında Türkiyənin cənub-şərqində yerləşən Diyarbakır-Mardin avtomobil yolunda bomba yüklü avtomobilin partladılmasında şübhəli bilinən 5 nəfər saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində yaralananların sayı 9-a çatıb. Onlardan biri mülki şəxsdir.
Cümə günü Türkiyənin cənub-şərqindəki Diyarbəkir vilayətində bomba yüklü avtomobilin partladılması nəticəsində azı 8 polis əməkdaşı yaralanıb.
"Report" xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Teleşirkətin məlumatına görə, polis maşını Diyarbəkir-Mardin magistral yolu ilə hərəkət edərkən uzaqdan idarə olunan qurğunun köməyi ilə yol kənarında park edilmiş avtomobildə partlayıcı qurğu işə salınıb. Hadisə yerinə əlavə təhlükəsizlik qüvvələri cəlb edilib.
Telekanal qeyd edib ki, hadisənin nəticələri araşdırılır.
TRT 1 telekanalının fövqəladə hadisə yerindən verdiyi məlumata görə, insident yerli vaxtla saat 04:30 (Bakı vaxtı ilə saat 05:30) radələrində polisin xüsusi təyinatlı dəstəsini daşıyan xidməti avtobus hərəkət etdiyi Diyarbəkirin girişində baş verib. Yaralılar yerli xəstəxanalara çatdırılıb.
Partlayış ərazisi bloklanıb, antiterror əməliyyatı aparılır.