“Report”"Habertürk"ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Məlumata görə, yeraltı təkanlar Kayseridə, yerli vaxtla saat 03:02-də qeydə alınıb. Episentri Sarıoğlan rayonunda olan zəlzələ 4,6 bal gücündə olub, zəlzələ ocağı 18,2 kilometr dərinlikdə yerləşib.
Tələfat qeydə alınmayıb, lakin bildirilir ki, zəlzələnin baş verdiyi Sarıoğlan rayonunda bəzi evlərin divarlarında çatlar yaranıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi isə zəlzələnin 5,2 bal gücündə olduğunu xəbər verib.
Qeyd edək ki, bu, son günlər Türkiyədə qeydə alınan növbəti zəlzələdir. Dünən yerli vaxtla saat 23:46-da da İzmirin Karaburun rayonunda da 4,8 bal gücündə zəlzələ baş verib. Bundan əvvəl Karaburunda daha 3 zəlzələ qeydə alınıb. Ən böyük yeraltı təkan 5,1 bal gücündə olub. Zəlzələlər yerli vaxtla saat 08:46-da Egey dənizinin sahilində qeydə alınıb.