Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov “Xəzər Ekoloji Təşəbbüsü” yaratmağı təklif edib.
“Report” xəbər verir ki, bu barədə ölkə başçısı BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edərkən söyləyib.
Siyasətçi BMT BA-nın nümayəndələrinə müraciətində xatırladıb ki, ötən ilin yayında Türkmənistanda keçirilən VI Xəzər Sammitində bütün iştirakçılar ekoloji məsələlərdə sıx əməkdaşlığa hazır olduqlarını qəti şəkildə təsdiqləyiblər.
“Hesab edirəm ki, bu, sahilyanı dövlətlərlə BMT arasında geniş və sistemli qarşılıqlı fəaliyyətə başlamaq üçün yaxşı imkanlar açır”, - o qeyd edib və BMT ilə sıx əməkdaşlıq şəraitində Xəzər Ekoloji Təşəbbüsünün yaradılmasını təklif edib.
Onun fikrincə, belə bir təşkilat Xəzər dənizinin ətraf mühitin mühafizəsi, onun bioloji ehtiyatlarının qorunması, bir sıra aktual ekoloji problemlərin həlli ilə bağlı geniş spektrli məsələlər üzrə peşəkar qarşılıqlı fəaliyyət üçün beynəlxalq platformaya çevrilə bilər.
Berdiməhəmmədov Mərkəzi Asiyada ekoloji problemlərə daha çox diqqət yetirməyi də təklif edib. O, “təxminən 80 milyon əhalisi olan, geniş əraziləri tutan, unikal təbii sərvətlərə və biomüxtəlifliyə malik olan və eyni zamanda ciddi ekoloji risklər zonasında yerləşən region üçün BMT-nin hərtərəfli ekoloji strategiyasının formalaşdırılması üçün məqsədyönlü və konkret tədbirlərə başlamağa” çağırıb.
Bu kontekstdə Türkmənistan lideri paytaxt Aşqabadda ixtisaslaşmış strukturun – Mərkəzi Asiyada İqlim Dəyişikliyinə Qarşı Mübarizə ilə bağlı Texnologiya üzrə Regional Mərkəzin yaradılmasını təklif edib.