Ukrayna Prezident Ofisi müşaviri Mixaylo Podolyak Rusiya ilə sülh danışıqlarının şərtini açıqlayıb.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, o bu barədə Moldovanın “Newsmarker” nəşrinə müsahibəsində deyib.
“Sülh müqaviləsi o zaman mümkündür ki, Ukraynanın ərazi bütövlüyü bərpa olunsun və Rusiya qaçılmaz məğlubiyyətə uğrasın. İndiki şəraitdə sülh müqaviləsi qeyri-mümkündür. Bu gün müharibənin dayandırılması o deməkdir ki, biz xalqımızı Ukraynaya qaytarmaqdan imtina edirik. Heç kim Xarkov, Zaporojye, Dnepr, Krivoy Roqa getməyəcək. Çünki Ukrayna vətəndaşı anlayır ki, savaş hər an yenidən başlaya bilər”, - o söyləyib.
M.Podolyak əlavə edib ki, Ukrayna danışıqlara yalnız gücləndirilmiş mövqedən girəcək.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibənin başa çatması ilə bağlı danışıqlar prosesi fevralın sonunda başlayıb. May ayında isə Prezident Ofisinin rəsmisi Ukraynanın Rusiya ilə danışıqların dayandırıldığını bildirmişdi.