Xamenei İranda etiraz aksiyaları başlayandan sonra ilk dəfə ictimaiyyət arasında görünüb

Xamenei İranda etiraz aksiyaları başlayandan sonra ilk dəfə ictimaiyyət arasında görünüb İrandakı etiraz aksiyaları başlayandan, barəsində gəzən çoxsaylı söz-söhbətlərdən sonra ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamenei ictimaiyyət arasında ilk dəfə görünüb.
Region
3 Oktyabr , 2022 16:10
Xamenei İranda etiraz aksiyaları başlayandan sonra ilk dəfə ictimaiyyət arasında görünüb

İrandakı etiraz aksiyaları başlayandan, barəsində gəzən çoxsaylı söz-söhbətlərdən sonra ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamenei ilk dəfə ictimaiyyət arasında görünüb.

“Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, o, İran hərbi ali məktəblərinin tələbə və zabit heyəti qarşısında çıxış edib. Tədbirdə onu İran Silahlı Qüvvələri Baş qərargahının rəisi Hüseyn Baqeri müşayiət edib.

Xamenei İrandakı etirazları xarici qüvvələrin təşkil etdiyini söyləyib.

O bildirib ki, hadisələrin arxasında ABŞ və onun vergiödəyiciləri durur. Ayətullah Xamenei Mehsa Əminin ölümündən kədərləndiklərini vurğulasa da, bu qətli törədənlərin cəzalandırılacağından, yaxud hadisənin araşdırılacağından bəhs etməyib.

Etiraz aksiyaları zamanı daha çox bəsiclərin və hökumət qüvvələrinin xəsarət aldığını qeyd edən İran lideri ölkə əhalisinin dözüm və müqavimətinin güclü olduğunu söyləyib.

Xamenei etiraz aksiyalarını ABŞ-la yanaşı, Səudiyyə Ərəbistanı, Fransanın “muzdurlarının” törətdiyini bildirib:

“Belə hallar İranda dəfələrlə baş verib. Ancaq bəziləri bunu görmürlər. Onlar əmrlərə tabe olan, inək kimi sağılan Pəhləvi dönəmini axtarır”.

Onun sözlərinə görə, məsələ hicablı və ya hicabsız gənc qızın ölümündə deyil:

“Bir çoxları hicaba tam əməl etmədən müxtəlif tədbirlərdə iştirak edirlər”.

Ayətullah Seyid Əli Xamenei etiraz aksiyaları zamanı xeyli itki vermiş bəlucların ünvanına xoş sözlər söyləyərək, bu etnik qrupun nümayəndələrinin İslam inqilabına bağlı olduqlarını vurğulayıb.

Qeyd edək ki, Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin cümə imamı Möləvi Əbdülhəmid sentyabrın 30-da hökumət qüvvələrinin namaz qılan insanları güllələdiyini deyib. Onun sözlərinə görə, güllələrin çoxu namaz qılanların başlarına və ürəyinə dəyib: “Atəşi snayperlərin açdığı məlum olub. Nə üçün polis insanları dağıtmaq üçün gözyaşardıcı qaz, plastik dəyənəklər və s. kimi vasitələrdən istifadə etmədi?”

Xatırladaq ki, bir neçə gündür aytullah Seyid Əli Xamenenin öldüyünə dair xəbərlər yayılıb.

Son xəbərlər

Orphus sistemi