Gürcüstan ölkədə diplomatik korpusun tam və fasiləsiz fəaliyyətini təmin edən bütün beynəlxalq öhdəliklərə və Vyana Konvensiyasının prinsiplərinə sadiqdir.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, Gürcüstanın Baş Prokurorluğu mətbuatda yayılan gizli səsyazıları ilə bağlı bütün aktiv istintaq və prosessual tədbirləri həyata keçirir.
Sənədə əsasən, Baş Prokurorluq hüquqi yardım üçün ABŞ və digər ölkələrə müraciət edib: “Buna müvafiq olaraq, KİV-də yayılan materialları təkzibedilməz faktlar kimi qəbul etməmişdən öncə biz istintaqın nəticələrini gözləmələyik”.
Bəyanatda vurğulanıb ki, Gürcüstanın Avropa İttfaqındakı səfiri təşkilatın nümayəndələri ilə artıq bu məsələni müzakirə edib və onlara aparılan istintaq barədə ətraflı məlumat verib.
Qeyd edək ki, Gürcüstanın yerli KİV-ləri ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin Tbilisidə fəaliyyət göstərən diplomatların telefon danışıqlarını gizli dinləməsinə dair məlumatlar yayıb.