"Vətən müharibəsi iştirakçılarının böyük qismində partlayışların mərkəzi sinir sisteminə, görmə orqanının funksiyalarına təsiri nəticəsində yaranmış şikayətlər baş ağrıları, daha çox görmənin itməsi, zəifliyi və ya kosmetik problemlərlə bağlı idi. Bir sıra Vətən müharibəsi iştirakçılarına birincili, ya ikincili cərrahi əməliyyatlar aparılıb. Aparılmış əməliyyatlar sırasında dəlib keçən yaraların işlənməsi, o cümlədən, gözdaxili orbitanın yad cisimlərinin (qəlpələri) xaric edilməsi, kataraktanın ekstaksiyası, vitreoretinal əməliyyatlar, buynuz qişanın keratoprotezləşdirməsi, rekonstruktiv plastik əməliyyatlar və s. daha çox olunub".
“Report”un məlumatına görə, bu fikirləri Səhiyyə Nazirliyinin baş oftalmoloqu Elmar Qasımov deyib.
Onun sözlərinə görə, 150-dən çox Vətən müharibəsi iştirakçısına İsraildən dəvət olunan mütəxəssislər ilə birgə müayinələr, plastik rekonstruktiv əməliyyatlar olunub, fərdi göz protezləri hazırlanıb: "Hərbi-Həkim Komissiyası tərəfindən 100-dən çox İkinci Qarabağ müharibə iştirakçısının sağlamlıq vəziyyətlərinin qiymətləndirilməsini həyata keçirilib. Müharibədən sonrakı dövrdə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Avtomobil klinikasının yüksək səviyyəli oftalmoloji briqadaları bir neçə rayonlarda şəhid və veteran ailələrinin üzvlərini müayinə və müalicə ediblər. Bu cür aksiyalar mütamadi olaraq Respublikanın əksər rayonlarında aparılacaq".