Ağdaşda tibb müəssisəsinin binası bərbad vəziyyətə düşüb, pasiyentlər üçün təhlükəli vəziyyət yaranıb

Ağdaşda tibb müəssisəsinin binası bərbad vəziyyətə düşüb, pasiyentlər üçün təhlükəli vəziyyət yaranıb Ağdaş rayonun Qaradeyin kənd Ailə Sağlamlıq Mərkəzi bərbad vəziyyətə düşüb.
Sağlamlıq
18 Yanvar , 2023 10:23
Ağdaşda tibb müəssisəsinin binası bərbad vəziyyətə düşüb, pasiyentlər üçün təhlükəli vəziyyət yaranıb

Ağdaş rayonun Qaradeyin kənd Ailə Sağlamlıq Mərkəzi bərbad vəziyyətə düşüb.

Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna yerli sakinlər məlumat verib.

Onların sözlərinə görə, uzun müddətdir Mərkəzin binasının dam örtüyündə qırıqlar, döşəməsində çürüklər, divarlarında isə çatlar əmələ gəlib. Eyni zamanda, binanın qapı-pəncərəsi sınıb.

Məlumata görə, tibb müəssisəsinin inzibati binası ötən əsrin 70-ci illərində tikilərək istifadəyə verilib. Mərkəz vaxtilə rayonun 4 kəndinin 10 000-ə yaxın əhalisinə keyfiyyətli tibbi xidmət göstərib. İnsanlar burada yüksək səviyyəli müayinə və müalicələr alıblar. Amma bir neçə il əvvəl mərkəzin binası istismar müddətini başa vurduğundan burada acınacaqlı vəziyyət yaranıb.

Sakinlər deyir ki, Mərkəzin dam örtüyündə müəyyən qırıqlar olduğundan yağış yağanda otaqlar su ilə dolur. Bununla yanaşı kənddə mavi yanacaq olmadığından, eləcə də elektrik xətləri qəzalı olduğundan bina odun peçi ilə isidilir.

Səhiyyə müəssisəsinin mövcud vəziyyəti ilə bağlı sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, bu günə kimi heç bir təmir-bərpa işləri aparılmayıb.

Kənd camaatı bildirib ki, aidiyyəti şəxslər hər dəfə yeni inzibati binanın tikiləcəyi ilə bağlı müxtəlif vədlər veriblər. Mərkəzin tibbi personalından razılıq edən sakinlər bu binanın təmir edilməsini və ya yenidən qurulmasını, eləcə də müasir tibbi avadanlıqlarla təhciz olunmasını istəyirlər.

Ağdaş Rayon Mərkəzi Xəstəxanasından isə "Report"un yerli bürosuna bildirilib ki, Mərkəzin mövcud durumundan xəbərdardırlar. Həmçinin qeyd edilib ki, tibb ocağının binasının yaxın müddətdə təmir olunması nəzərdə tutulur.

Vurğulanıb ki, hazırda ilkin səhiyyə xidməti strukturlarında təkmilləşdirmə işləri aparılır: "Poliklinikalar və kənd sahə xəstəxanalarının bazasında ailə sağlamlıq mərkəzləri yaradılıb. Ailə həkimi modelinin tətbiqinə başlanılıb. Bu işlərin davamı olaraq kənd məntəqələrinə rayon mərkəzi xəstəxanalarından səyyar tibbi briqadalar cəlb edilir və tibbi müayinələr təşkil edilir. Qaradeyin kəndində də yerləşən Ailə Sağlamlıq Mərkəzi 10 min nəfərə xidmət göstərir".

Son xəbərlər

Orphus sistemi