“Alimlərin apardığı araşdırmaların nəticəsinə əsasən koronavirusdan ölən şəxslərin təxminin 32 %-də kəskin böyrək çatışmazlığı aşkar olunub”.
“Report”un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov deyib.
O qeyd edib ki, 3-10 % xəstələrdə isə ani böyrək çatışmazlığı qeydə alınır: “COVID-19-un mənfi təsirlərindən biri də sonsuzluğa səbəb olmasıdır. Bu da öz təsdiqini tapıb. Koronavirus infeksiyası ağciyərlər, ürəklə yanaşı, böyrəyə ciddi ziyan vurur”.
A.İbrahimov həmçinin uroloji xəstəlikdən əziyyət çəkən şəxslərin peyvənd olunub-olunmaması məsələsinə də aydınlıq gətirib: “Uroloji xəstəliklərin kəskin dövründə vaksin vurulması məsləhət deyil. Çünki peyvəndin vurulduğu dövrdə böyrək xəstəliyi ilə bağlı yazdığımız dərmanların təsiri barədə geridönüş cavab ala bilmərik. Odur ki, müalicə müddəti bitdikdən sonra peyvənd vurula bilər. Bundan başqa, qan xəstəliyi olan xəstələrə də peyvənd vurulmasını tövsiyə etmirik. Yerdə qalan uroloji xəstələrin peyvənd vurdurması əksinə, daha xeyirlidir. Böyrək köçürülən xəstə əməliyyatdan 6 ay sonra peyvənd vurdura bilər”.