Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev BMT-nin Azərbaycandakı nümayəndəliyinin rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.
"Report" xəbər verir ki, COVID-19 mövzusuna toxunan tərəflər Azərbaycanın pandemiya ilə mübarizədə uğurlu tədbirlər gördüyünü vurğulayıblar.
Həmçinin Azərbaycanın peyvəndləmə səviyyəsi baxımından öndə gedən ölkələr sırasında olduğu qeyd edilib.
Görüşdə ölkədə tibbi xidmətlərin rəqəmsallaşdırılmasının uğurla davam etdirilməsi, yoluxucu xəstəliklərə qarşı mübarizə, habelə ilkin sahiyyə xidmətlərinin genişləndirilməsi və tibbi təhsilin perspektivləri və digər məsələlər də müzakirə olunub.
Vladanka Andreyeva 44 gün davam etmiş Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə BMT-nin səhiyyə sisteminin qurulmasına və inkişafına dəstək verməyə hazır olduğunu bildirib.
Görüş əsnasında Səhiyyə Nazirliyi ilə BMT-nin strukturlararası əlaqələrin daha da gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.