Azərbaycan-Türkiyə arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan-Türkiyə arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq imkanları müzakirə olunub Görüş əməkdaşlığın genişləndirilməsi üçün hər iki qurum arasında işçi qaydada məsləhətləşmələrin davam etdirilməsi razılığı ilə yekunlaşıb
Sağlamlıq
2 Mart , 2021 11:58
 Azərbaycan-Türkiyə arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) və Türkiyə Respublikasının Sosial Müdafiə Qurumu, Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşlarının iştirakı ilə işçi görüş keçirilib.

Agentlikdən "Report"a verilən məlumata görə, onlayn formatda keçirilmiş görüşdə hər iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Fəaliyyət Planının icbari tibbi sığorta ilə bağlı müddəaları, habelə icbari tibbi sığorta sahəsində ehtiyaclara uyğun əməkdaşlıq imkanları müzakirə olunub. Qeyd edək ki, Komissiya 2 noyabr 1992-ci ildə Ankarada imzalanan “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq saziş”inə uyğun olaraq yaradılıb.

Türkiyə Respublikasının Sosial Müdafiə Qurumunun Strateji inkişaf idarəsinin rəhbəri Muhiddin Şahin bildirib ki, aparılmış səhiyyə islahatlarının nəticəsi olaraq bu gün Türkiyənin universal tibbi sığorta sistemi dünyanın ən ön sıralarında qərarlaşıb: “Hazırda əhalinin 99.5%-i universal tibbi sığorta ilə əhatə olunur.”

Sosial Müdafiə Qurumunun əməkdaşı Amine Yücedal Qurumun fəaliyyəti, strukturu, ölkəsində universal tibbi sığorta ilə əhatə olunan şəxslər, sığorta haqlarının məbləği və səhiyyə sistemi haqqında digər məlumatları iştirakçıların diqqətinə çatdırıb: “Məqsədimiz maliyyələşən tibbi xidmətlərin həcmini artırmaq, onların bərabər, ədalətli və əlçatan olmasına nəzarət etmək, həmçinin resurslardan səmərəli və effektiv istifadə edilməsini təmin etməkdir”.

Agentliyin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov Azərbaycanda icbari tibbi sığortanın tətbiqi haqqında ətraflı məlumat verib: “Hazırda ölkə əhalisinin özündə 2550-i tibbi xidməti birləşdirən Xidmətlər Zərfindən yararlanması üçün bərabər imkanların yaradılması istiqamətində müvafiq tədbirlər görülür. Məqsədimiz əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etməkdir. Əminik ki, bu sahədə böyük uğurlar əldə etmiş dost-qardaş ölkənin təcrübəsindən faydalana biləcəyik”.

Agentliyin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov bildirib ki, icbari tibbi sığorta sisteminin məqsədi səhiyyənin maliyyələşməsini yeni iqtisadi əsaslarla qurmaq, tibbi xidmətlərin əlçatanlığını təmin etmək, əhalini sağlamlığı ilə bağlı üzləşə biləcəyi maliyyə risklərindən qorumaqdır. A.Nəsirov, icbari tibbi sığorta sahəsində əməkdaşlığın prioritet istiqamətləri haqqında məlumat verib: “Agentlik ilkin səhiyyə xidmətinin gücləndirilməsi məqsədi ilə ailə həkimi institutunun təkmilləşdirilməsi, tibb işçilərinin tibbi avadanlıqlardan istifadəyə dair bilik və bacarıqlarının artırılması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün milli keyfiyyət standartlarının hazırlanması istiqamətində Türkiyə təcrübəsinin öyrənilməsində və tətbiqində maraqlıdır”.

Görüş əməkdaşlığın genişləndirilməsi üçün hər iki qurum arasında işçi qaydada məsləhətləşmələrin davam etdirilməsi razılığı ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi