TƏBİB Almaniya ilə səhiyyə sahəsində əlaqələri gücləndirir

TƏBİB Almaniya ilə səhiyyə sahəsində əlaqələri gücləndirir TƏBİB və Yeni Klinika Almaniyanın nüfuzlu səhiyyə idarəetmə şəbəkələrindən olan “Falk Beratung” və “Sana Hospital Group” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Sağlamlıq
29 Oktyabr , 2024 18:16
TƏBİB Almaniya ilə səhiyyə sahəsində əlaqələri gücləndirir

TƏBİB və Yeni Klinika Almaniyanın nüfuzlu səhiyyə idarəetmə şəbəkələrindən olan “Falk Beratung” və “Sana Hospital Group” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

"Report" xəbər verir ki, Yeni Klinikada keçirilən mərasimdə əməkdaşlıq müqaviləsini TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və Almaniyanın “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk imzalayıblar.

Eyni zamanda Yeni Klinika ilə “Sana Hospital Group” arasında əməkdaşlıq müqaviləsinə isə Yeni Klinikanın direktoru Barat Yusubov “Sana Hospital Group”un direktoru Tomas Lemke imza atıblar.

Əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman, TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin struktur bölmə rəhbərləri, “Sana” Klinikasının beynəlxalq ofisinin rəhbəri Sven Heyninqer, Yeni Klinikanın kollektivi və media nümayəndələri də iştirak ediblər.

Əməkdaşlıq müqaviləsində TƏBİB-in tabeli tibb müəssisəsi olan Yeni Klinika ilə “Sana Hospital Group” arasında xəstəxana idarəetməsi üzrə təcrübə mübadiləsi, xarici pasiyentlərin cəlb edilməsi, birgə klinik sınaqların/tədqiqatların keçirilməsi, həkimlər, tibb bacıları və administrativ işçilər üçün qarşılıqlı peşəkar təkmilləşmə proqramlarının təşkil edilməsi, ISO 9001 və JCI beynəlxalq sertifikatlarının əldə olunması, tibb bacılığı üzrə peşəkar kadrların yetişdirilməsi üçün standartların işlənib hazırlanması və təkmilləşdirilməsi, “Sana Hospital Group” brendindən istifadə hüququ ilə bağlı müddəalar öz əksini tapıb.

Əməkdaşlıq çərçivəsində tabeli tibb müəssisəsində göstərilən tibbi xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, Yeni Klinikanın tibbi turizm potensialının artırılması və tibbi turistlərin ölkəyə cəlb olunması, səhiyyə sahəsində kadr potensialının inkişafı, innovativ həllərin tətbiqi və rəqəmsallaşdırılma işləri həyata keçiriləcək.

Yeni Klinikada keçirilən imzalanma mərasimində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxış edərək tibb sahəsində yeni idarəetmə modelinin yaradıldığını, əhalinin bütün təbəqələrinin tibbi xidmətlərə əlçatanlığının eyni səviyyədə təmin edildiyini və bütün bunların nəticəsi olaraq bir çox inkişaf etmiş ölkələrin səhiyyə sahəsində Azərbaycanla əməkdaşlığa maraqlı olduqlarını vurğulayıb.

Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman çıxışında əməkdaşlıq müqaviləsinin imzalanmasının iki ölkə arasında münasibətlərin inkişafında çox önəmli addım olduğunu, səhiyyə sahəsində bir yenilik olduğunu deyib:

“Bu, insanlara xeyir verəcək bir əməkdaşlıqdır. “Sana Hospital Group” Almaniyanın aparıcı şirkətlərindən biridir. Şirkətin həm menecment, həm səhiyyə sahəsində səmərəli və effektiv metodları, yüksək standartları burada da tətbiq olunacaq. Bu əməkdaşlıqla bağlı ilkin layihəni “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk Prezident İlham Əliyevə təqdim edəndə o da bu iş birliyini müsbət qiymətləndirib, iki ölkə arasındakı münasibətlərə töhfə verəcəyindən məmnun olduğunu bildirmişdi”.

Daha sonra “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk çıxış edərək əvvəllər yalnız ideya və düşüncədən ibarət olan bu əməkdaşlığın detallarının artıq rəsmi şəkildə imzalanmasından məmnun olduğunu bildirib:

“Bu, yalnız səhiyyə sahəsinə deyil, həm də iki ölkə arasında xarici siyasətə, iqtisadiyyata töhfədir. Bu, iki xalq arasında dostluq əlaqələrinin gücləndirilməsində də önəmli addımdır. Biz bu gün bir düşüncənin artıq reallığa keçməsini qeyd edirik”.

“Sana Hospital Group”un direktoru Tomas Lemke çıxışında Azərbaycanı keyfiyyətli tibbi xidmətin mərkəzinə çevirmək üçün birlikdə əməkdaşlıq etməklərindən məmnunluğunu dilə gətirib.

Əməkdaşlıq müqaviləsində “Sana Hospital Group”un loqosunun Yeni Klinikada müştərək istifadə olunması da nəzərdə tutulub. Məlumat üçün bildirək ki, “Sana Hospital Group”un loqosundan istifadə edilməsi dünya praktikasında ilk dəfə olaraq Azərbaycanda tətbiq ediləcək. Bu, Yeni Klinikanın ölkə xaricində dünya standartlarına cavab verən tibb müəssisəsi kimi tanınmasına böyük töhfə verəcək.

Qeyd edək ki, “Sana Hospital Group” Almaniyanın Münhen şəhərində yerləşən və 1976-cı ildən səhiyyə xidmətləri üzrə fəaliyyət göstərən aparıcı şirkətlərindən biridir. 36 000-dən çox əməkdaşı olan şirkət 120-yə yaxın tibb müəssisəsində hər il təxminən 2,1 milyon pasiyentə 44 adda təxirəsalınmaz və ixtisaslaşmış tibbi xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi