Azərbaycanda səhiyyənin rəqəmsallaşdırılması ilə bağlı strategiya hazırlanır.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, növbəti 5 illik dövrü əhatə edəcək strategiyanın yaxın vaxtlarda aidiyyəti üzrə təqdim olunması planlaşdırılır: "Beləliklə, səhiyyə sistemi də iqtisadiyyatın digər sahələri kimi rəqəmsallaşmağa başlayacaq”.
"Rəqəmsal səhiyyə strategiyasının hazırlanmasının yeddi məqsədi var ki, onlardan biri də azad edilmiş ərazilər də daxil olmaqla ölkədə göstərilən tibbi xidmətlərin həcminin müəyyənləşdirilməsidir. Strategiya çərçivəsində irihəcmli layihələr də həyata keçiriləcək", - T.Musayev deyib.
Nazir bildirib ki, “Rəqəmsal Səhiyyə Strategiyası”nın hazırlanmasında məqsəd vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, göstərilən tibbi xidmətlərin yaxşılaşdırılmasına vətəndaşların birbaşa cəlb olunmasının təmin edilməsi, digər dövlət qurumları ilə inteqrasiya olunmuş rəqəmsal səhiyyə infrastrukturunun yaradılması, müasir standartlara uyğun tibbi-statistik məlumatlar bazasının formalaşdırılması və məqsədyönlü təhlili, səhiyyədə iqtisadi şəffaflığın və səmərəliliyin artırılması, işğaldan azad olunan ərazilər də daxil olmaqla ölkə üzrə tibbi xidmətlərin həcminin müəyyənləşdirilməsi, tədris kurikulumuna səhiyyədə informasiya kommunikasiya texnologiyalarının tətbiqinin daxil edilməsi və tibb işçilərinin rəqəmsal bacarıqlarının artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasıdır.