Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayevin dünyanın məşhur tibb mütəxəssisləri ilə birgə ərsəyə gətirdiyi elmi tədqiqat nevrologiya sahəsində ixtisaslaşmış nüfuzlu "JAMA Neurology" (impakt faktor 13,6) jurnalı tərəfindən çapa qəbul edilib.
"Report" xəbər verir ki, tədqiqat jurnalda dərc olunaraq elmi ictimaiyyətə təqdim ediləcək.
Azərbaycanlı alimin Amerika, Avropa və Asiyanın bir neçə məşhur elm adamları ilə birlikdə həmmüəllif olduğu araşdırmada insult xəstələrində indiyədək həyata keçirilməyən kiçik damar əməliyyatlarının uğurlu icrasının mümkünlüyü göstərilib. Tədqiqatda bu əməliyyatların effektivliyinin də bu günə qədər icra olunan böyük damar əməliyyatları qədər yararlı olduğu sübut edilib.
Eyni zamanda elmi əsərdə xəstələrin əməliyyatdan ciddi şəkildə faydalanmasından və hətta onların ölümünə səbəb olacaq hallardan qorunmasından da bəhs edilib. Belə ki, indiyə qədər kəskin işemik insultdan əziyyət çəkən şəxslər üzərində yalnız böyük damar əməliyyatları həyata keçirilirdi və kiçik damar əməliyyatlarının təhlükəli olduğu bildirilirdisə, yeni elmi tədqiqatla kiçik damar əməliyyatlarının uğurlu icrasının mümkünlüyü sübut olunub.
Qeyd edək ki, N.Abdullayev 2020-ci ildə apardığı digər elmi tədqiqatlarla müasir tibb sahəsində bir sıra yeniliklərə imza atıb. Azərbaycanlı alim təkcə 2020-ci ildə dünyanın ən nüfuzlu jurnallarında dərc edilən 19 elmi tədqiqata müəlliflik edib. O, COVID-19 virusu ilə bağlı dünya elminə mühüm elmi tədqiqatlar və tutarlı elmi nəticələr təqdim edən ilk azərbaycanlı alimdir.