Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayevin insult xəstələri ilə bağlı apardığı daha bir elmi tədqiqatı Avropa Nevrologiya Akademiyasının rəsmi jurnalı tərəfindən çapa qəbul edilib.
"Report" xəbər verir ki, elmi tədqiqat Avropada nevrologiya sahəsi üzrə ixtisaslaşmış nüfuzlu "European Journal of Neurology" jurnalında dərc olunacaq.
Strategiyasına uyğun olaraq, daima elmi yenilikləri elmi ictimaiyyətə təqdim edən nəşr eyni zamanda dərc etdiyi elmi tədqiqatlarla Avropada nevrologiya sahəsində həm də elmin istiqamətini də bəlli edir.
Azərbaycanlı alimin elmi tədqiqatında gənc insult xəstələrində icra edilən effektiv beyin əməliyyatlarının uğurlu nəticəsindən bəhs edilir və bunun da sayəsində həmin xəstələri ölümdən xilas etmək olur. Elmi tədqiqatda bu yaşda olan xəstələrdə icra olunan beyin əməliyyatlarının klinik nəticəsinin effektiv olmasına təsir edən faktorlar da araşdırılıb ki, bu da dünyada bu sahədə aparılan ilk tədqiqatdır.
Bundan əvvəl həmyerlimizin insult xəstələrinin müalicəsində tətbiq olunan yeniliklərlə bağlı digər tədqiqatı Avstraliyanın Neyrocərrahlar və Yeni Zelandiyanın Neyropatologiya Cəmiyyətlərinin rəsmi jurnalında dərcə qəbul edilmişdi. Tibb elmləri doktorunun bu elmi işində isə işemik insult zamanı icra olunan ən yeni müayinə və invaziv müalicə metodlarından bəhs edilir.
Qeyd edək ki, N.Abdullayev bundan əvvəl də onlarla elmi tədqiqat aparıb. Onun müəllifi olduğu elmi işlər dünyaca nüfuzlu jurnallarda dərc olunaraq geniş oxucu kütləsinə təqdim edilib. O, beynəlxalq elmi arenada insult xəstələri ilə bağlı nüfuzlu elmi jurnallarda ən çox elmi tədqiqatları dərc olunan və aktiv elmi fəaliyyətlə məşğul olan ilk gənc azərbaycanlı kimi tanınır.
Onun tibb sahəsində müxtəlif xəstəliklər və onların müalicəsi, həmçinin bir ildən çoxdur dünyanı öz ağuşuna alan koronavirus infeksiyası ilə bağlı tədqiqatları mövcuddur. N.Abdullayev COVID-19 virusu ilə bağlı dünya elminə mühüm elmi tədqiqatlar və ciddi elmi nəticələr təqdim edən ilk azərbaycanlı alimdir.
N.Abdullayev Almaniyada insult xəstələrində beyin əməliyyatlarını icra edən ən gənc ilk üç həkimdən biridir.