“Bəhram Bağırzadənin ümumi vəziyyəti orta ağırdır. Şikayəti yoxdur, bədən hərarəti normal rəqəmlərdədir, fəaldır”.
Bu fikirləri “Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
“Əvvəlki məlumatlarda qeyd etdiyimiz kimi, bir həftədən artıq müddətdə xəstənin traxeostoması qapalı saxlanılıb və bununla tənəffüsün təbii yolla olması təmin edilib. Artıq biz buna tam əmin olduqdan sonra bu gün həmin traxeostomik boru çıxarıldı, yaxın günlərdə Reanimasiya şöbəsindən adi palataya köçürülməsi nəzərdə tutulub”, - o bildirib.
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən Əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. İyulun 2-də ECMO-dan ayrılıb.
B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.