Bu il icbari tibbi sığorta üzrə özəl xəstəxanalara verilən göndərişlərin sayı açıqlanıb

Bu il icbari tibbi sığorta üzrə özəl xəstəxanalara verilən göndərişlərin sayı açıqlanıb Bu ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə 14 186 nəfər müvafiq göndərişə əsasən icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağ
Sağlamlıq
10 Dekabr , 2021 09:33
Bu il icbari tibbi sığorta üzrə özəl xəstəxanalara verilən göndərişlərin sayı açıqlanıb

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə 14 186 nəfər müvafiq göndərişə əsasən icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, həmin şəxslərin 368 nəfəri uşaqlardır. 18 yaşdan yuxarı 5 322 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib: "Həmçinin ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 4304, oftalmologiya üzrə 2341, urologiya üzrə 964, nevrologiya/neyrocərrahiyyə üzrə 577, travmatologiya üzrə 338, LOR üzrə 155, digər sahələr üzrə 105, ümumi cərrahiyə üzrə 60, ginekologiya və doğuş üzrə 20 nəfər əməliyyat olunub. Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 166 nəfər 18 yaşdan aşağı şəxslərdir".

Agentlikdən vurğulanıb ki, vətəndaşlara verilən göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.

"Qeyd edilən müddət ərzində ölkə üzrə dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən stasionar cərrahi xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə 19 467 göndəriş verilib. Göndərişlərin 18 300-ü (94%) planlı, 1 167-si (6%) isə təcili əsasla qeydə alınıb.

Vətəndaşa TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi ödənişsiz şəkildə təqdim edilir. Göndəriş vərəqəsi ilə bağlı ödəniş tələb olunması faktı aşkarlanıbsa bu barədə həmin tibb müəssisəsində çalışan tibb işçisi barədə ilk növbədə tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət etməlidir. Vətəndaş ona verilən cavabdan və yaxud görülən tədbirdən razı qalmazsa Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 012 310-17-70 nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına və ya rəsmi ünvanına (İsmayıl Hidayətzadə küç. 11, Bakı, AZ1154) müraciət edə bilər. Eyni zamanda, agentliyə də müraciət edilə bilər. Bunun üçün vətəndaşlar agentliyin 1542 Çağrı Mərkəzinə zəng edə və ya https://its.gov.az/page/elektron-muraciet linkinə daxil olaraq elektron şəkildə müraciət edə bilərlər.

"Vətəndaşların müraciətləri haqqında" qanunla müəyyənləşdirilmiş vətəndaşların müraciətlərinə dair tələblərə uyğun olaraq ad, soyad, ata adı, ünvan, telefon nömrəsi, yaxud iş yeri qeyd edilməklə müraciət edilməlidir. Həmçinin müraciətin mətni oxunaqlı olmalı və müraciətdə irəli sürülən tələb aydın şəkildə ifadə olunmalıdır. Lazımi məlumatlar təqdim edilmədiyi halda həmin qanuna əsasən müraciət anonim sayılır və baxılmamış saxlanılır.

Onu da qeyd edək ki, qanunvericiliyə əsasən vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır. Təsdiqini tapmış fakta dair hüquq-mühafizə orqanlarına müraciət edilir. Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur", - agentlikdən bildirilib.

Qeyd edək ki, Xidmətlər Zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 27 özəl tibb müəssisəsi ilə müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi