"COVID-19-la bağlı immunitetin 80 faizi 7 aya itir" - XƏBƏRDARLIQ

"COVID-19-la bağlı immunitetin 80 faizi 7 aya itir" - XƏBƏRDARLIQ "Yaxın 2 il üçün virusla mübarizə strategiyasını müəyyənləşdirməyin zamanıdır"
Sağlamlıq
30 Aprel , 2021 09:41
COVID-19-la bağlı immunitetin 80 faizi 7 aya itir - XƏBƏRDARLIQ

“COVID-19-la bağlı hazırki dünya mənzərəsi onu göstərir ki, pandemiyaya qarşı elmi əsaslı strategiyalardan başqa digər bütün strategiyalar ölüm hallarının hədsiz çox olması ilə müşahidə edilir”.

Bunu “Report”a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, elmi əsaslı strategiyanın əsasını təşkil edəcək amillərdən ən önəmlisi xəstəlikdən sonra yaranan anticismlərlə bağlı vəziyyəti başa düşməkdir:

“Yəni, hansı immunitetin nə zaman yaranması və zəifləməsini bilməklə elmi əsaslı strategiyanın ən düzgün şəkildə təşkilini həm dövlətlər, həm də cavabdeh səhiyyə qurumları apara bilər. Bir daha vurğulayıram ki, bunlar nəzərə alınmayan strategiyalar nəticəsində ölüm saylarının çox olmasına rast gəlinir”.

Azərbaycanlı alim bildirib ki, anticismlərdə olan dəyişiklikləri bilmək yenidən yoluxmanın nə vaxt baş verəcəyi və ümumiyyətlə, insanlar arasında qazanılmış immunitetin hansı zaman çərçivəsində qoruyucu olduğunu dəqiq deməyə əsas verir:

“Çində aparılan və son günlərdə elmi ədəbiyyata daxil olan çox önəmli bir elmi tədqiqata əsasən IgG, IgM və IgA-nın hansı zaman çərçivəsində və nə qədər azaldıqlarını deyə bilərik ki, bununla da Azərbaycanda elmi əsaslı strategiyanı önümüzdəki aylar üçün müəyyən etmək olar. Xüsusi diqqət çəkmək istədiyim və aidiyyatı insanları xəbərdar etmək istədiyim məqam isə IgA ilə əlaqədardır. Belə ki, selikli qişa immunitetində çox böyük rol oynayan, yəni insanın yenidən SARS-CoV2-yə yoluxmasında rol oynayan bu anticismi, ümumiyyətlə, laboratoloji testlərlə müəyyən etmək o qədər də asan deyil və hər ölkədə də bunu doğru apara bilmirlər. Bu gün tibb sahəsində əldə olan testlərin böyük əksəriyyəti isə bunu təyin etsə də, o qədər də doğru və dəqiqliklə təyin edə bilmirlər. Tədqiqatdan bəlli olur ki, 7 ayın tamamında IgA 80% itir. Bu da onu deməyə əsas verir ki, insanlar selikli qişa immunitetini zamanla ciddi şəkildə itirir. Təkcə bu fakt özlüyündə artıq bütün dünya ölkələrində, o cümlədən Azərbaycanda da müəyyən strateji addımların atılmasının vacibliyini göstərir”.

Tibb elmləri doktoru peyvəndləmədən sonra IgA-nın miqdarının necə dəyişdiyi barədə sualı da cavablandırıb:

“Bu, çox vacib məsələdir. Bu günə qədər elmi tədqiqat olmasa da, çox önəmli laboratoriyalarda aparılan elmi tədqiqatların müşahidəsi onu göstərir ki, peyvəndlərin tətbiqindən bir müddət sonra da IgA-da itkilərə rast gəlinir. Amma bu, hələ ki, müşahidələrdir. Müşahidə olsa da bu, o deməkdir ki, yaxın 2 il üçün virusla mübarizə strategiyasını müəyyənləşdirməyin zamanıdır. Bunun üçün hər hansı bir beynəlxalq səhiyyə qurumunun aylar sonra verəcəyi açıqlamasını gözləmək lazım deyil”.

Son xəbərlər

Orphus sistemi