Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyevin “Report”a müsahibəsi:
- Azərbayacnda COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər real nəticə verirmi ?
- Azərbaycanda koronavirus pandemiyası bir ildən çoxdur özünü göstərir. Ölkəmizdə bu xəstəliyə qarşı mübarizə tədbirlərinə isə ilk günlərdən başlanılıb. Hazırda da xəstəliyə qarşı ciddi mübarizə tədbirləri davam etdirilir. Məhz bu səbəbdəndir ki, Azərbaycan pandemiya ilə mübarizədə dünyada ən uğurlu ölkələr sırasındadır. Dövlət tərəfindən zamanında görülən tədbirlər nəticəsində infeksiyanın xeyli dərəcədə azaldılmasına nail olundu. Sərt karantin rejiminin tətbiqi də yoluxmanın sayının azalmasını şərtləndirən amillərdən biridir. Hazırkı yoluxma sayına baxsaq, sağalanların sayından kifayət qədər irəliləmə əldə edildiyini görə bilərik.
- Azərbaycanda peyvəndlənmə dünyanın aparıcı ölkələri ilə, demək olar ki, eyni vaxtda başladı. Əksər ölkələrdə peyvəndlənmə ya Azərbaycandan sonra başlayıb, ya hələ də başlamayıb. Bu baxımdan Azərbaycanın MDB ölkələri ilə müqayisəsi nədir?
- Dünya ölkələri ilə müqayisədə Azərbaycan koronavirusla mübarizədə ön sıralardadır. Qarşıya sadəcə bir məqsəd qoyulmuşdu ki, ölkəyə məhz ən keyfiyyətli və təhlükəsiz vaksin gətirilsin. Hazırda dünyanın 11 ölkəsində vaksinasiya prosesinə başlanılıb və ölkəmiz də onların sırasındadır. Bu, böyük nailiyyətdir. Vaksini əldə edərkən, ilk növbədə, hansı ölkə istehsalı olmasına deyil, hansı metodla əldə edilməsinə diqqət etmək lazımdır. Bu baxımdan Azərbaycana gətirilən peyvənd inaktiv vaksindir. Bir sözlə, vaksinin hansı ölkədə istehsal olunmasına baxmayaq, həmin vasitə dünya standartlarına cavab verməsi ilə bağlı yoxlanışdan keçməsə, onun istifadəsinə icazə verilməz. Bütün vaksinlər təsdiqləndikdən sonra istifadəsinə icazə verilir. Başqa vacib məsələ vaksinin saxlanma şəraitidir. Bizim ölkəyə gətirilən vaksinləri adi sadə soyuducuda da saxlamaq mümkündür.
- Virusun yeni ştammlarının aşkar olunması təhlükə yaradır, onların region ölkələrində yayılması isə Azərbaycan əhalisi üçün də siqnal olmalıdır. Nə məsləhət görürsünüz?
- COVID-19-un İngiltərədə meydana gələn yeni ştammı artıq sürətlə yayılır. Əslində bu da virusun özüdür. Yəni bu, virusun genetikasında olan dəyişiklikdir. Bu da virusun bioloji xüsusiyyətlərinə təsir edə bilər. Ola bilər ki, yeni ştamm bədəndə immuniteti zəiflətsin, yaxud yoluxmanı sürətləndirsin, eyni zamanda hər hansı dərman preparatına qarşı həssaslığı itə bilər. Əksi də olub, müqaviməti daha da artıra bilər. Bu gün üçün ortada bir şey var ki, ştamm var və sürətlə yayılır. Ancaq xəstəliyin klinik şəkildə ağır olub-olmaması barədə məlumatlar yetərsizdir. Buna zaman lazımdır.
- Peyvəndin yeni ştamma təsiri yetərli sayılacaqmı?
- Əgər virus mutasiyaya düçar olarsa və bunun nəticəsində onun spayk proteinində ciddi dəyişiklik meydana gələrsə, vaksinin effektivliyi aşağı düşə bilər. Əksinə də ola bilər ki, mutasiya ilə əlaqəli dəyişiklik güclü olmaya bilər, onda vaksinin effektivliyinə o qədər də güclü təsir etməyəcək. Bu, ən çox tərkibində spayk proteini istifadə edilən vaksinlərə aiddir. Lakin Azərbaycanda istifadə olunan vaksin öldürülmüş (inaktiv) virusdur. Ona görə də orqanizmdə meydana gələn antitellər yeni mutasiyaya qarşı təsirlidir.
- Hazırda yoluxma sayında müşahidə olunan azalma müəyyən yumşalma tədbirlərinin olmasına şərait yaradıb. Lakin bundan əvvəl iki dəfə yumşalma dövründə yoluxma sayının kəskin artımı müşahidə olunub ki, bu də əlavə məhdudlaşdırıcı tədbirlərin bərpasını zəruri edib. Yenidən sərt tədbirlərin olmaması üçün vətəndaşlara nə tövsiyə edirsiniz?
- Karantin qaydalarının yenidən sərtləşməsi mümkündür. Çünki bu gün heç bir ölkədə virusa qarşı effektli preparat yoxdur. Azərbaycanda virusa qarşı vaksinasiya prosesi gedir və əhalinin ən azı 60-70 %-də virusa qarşı antitellər olmalıdır ki, xəstəliyin yayılması dayanmış olsun. Nəzərə alaq ki, hələ vaksinasiya prosesi tamamlanmayıb. Unutmaq lazım deyil ki, peyvənd olunmaqla virus orqanizmdən yox olur. Peyvənd olunmaq sadəcə orqanizmdə meydana gələn anticisimlər virusları yaxalayıb onların başqa hüceyrələrə girməsini əngəlləyir. Yəni viruslar tamamilə ölməyə bilər. Bir sözlə, vaksin olunmaq xəstəliyi ağır keçirmənin qarşısını almış olur. Ona görə də peyvənd vurdurub-vurdurmamasından asılı olmayaraq hər bir şəxs maska taxmalı, gigiyenik qaydalara ciddi əməl etməli və sosial məsafəni qorumalıdır.
- Qarşıdan yay gəlir. İsti havada maskanın istifadəsi qismən çətinləşir. Açıq havada maska taxmamaq qadağası ləğv edilə bilərmi?
- Hesab edirəm ki, açıq havada maska taxmaq qadağasını ləğv etmək hələ mümkün olmayacaq. Şəhərdə apardığım müşahidələrimə əsasən görürəm ki, kütləvi toplaşma halları olur və maskalar insanların çənələrindədir. Bu azmış kimi 3-4 nəfər siqaret çəkib bir-birilərinin üzünə üfürürlər. Bu, çox təhlükəlidir. Əgər müəyyən yumşalmalardan sonra məktəblər, restoranlar açılırsa, heç olmasa, bir az sevinsinlər və bunu qoruyub saxlaya bilsinlər. Halbuki sərt karantin rejimi dövründə yoluxma sayı 250-300 civarında idi. Təbii ki, bu, bizim bildiklərimizdir. Rəqəmsal olaraq azdır. Kimsə düşünə bilər ki, xəstəlik tamamilə yox olur. Lakin epidemioloji baxımdan bu, çox təhlükəlidir. Hətta epidemioloji baxımdan ortada 3-4 viruslu xəstə olsa belə, xəstəlik kəskin şəkildə yayıla bilər. Bu nöqteyi-nəzərdən mutasiyaya uğrayan viruslarla mübarizə son dərəcə önəmlidir. Əslində bu günə qədər görülən tədbirləri daha da gücləndirməliyik. Çünki mutasiyaya uğrayan virus daha sürətlə yayılır. Ona görə də qoyulan qaydalara ciddi riayət edilməsi yoluxma sayı əvvəlkilərə nisbətən daha da arta bilər. Türkiyədə artıq 120 nəfərdə yeni ştamm aşkar edilib. Bilirik ki, qardaş ölkə ilə sıx əlaqə var. Odur ki, COVID-19-un yeni ştammı hər an ölkəyə gələ bilər. Bu gün Milli Hematologiya və Transfuziologiya Mərkəzində xaricdən gələn şəxslərin analizlərinin nümunələrində yeni ştammın olub-olmaması araşdırılır. Hələlik əlimizdə mutasiya ilə bağlı təsdiqedici məlumat yoxdur. Digər ölkələrdə xəstəliyin sayının yenidən kəskin artmasına səbəb məhz bu mutasiyadır.
- Bu nöqteyi-nəzərdən evdə təcrid mexanizmi gücləndirilməlidirmi?
- İstər evdə, istərsə də iş yerlərində qoyulan qaydalara ciddi riayət edilməlidir. Çünki qaydalar hər yerdə eynidir.
Samirə Abdullayeva
Gülçin Cəmil
Foto: Vüqar Xanlarov