Deputat: "Saxta COVID-19 pasportu hazırlayan şəxslər cəzalandırılacaq"

Deputat: "Saxta COVID-19 pasportu hazırlayan şəxslər cəzalandırılacaq" “Dövlətimiz insanların sağlamlığını qorumaq üçün vaksinlərin alınmasına külli miqdarda vəsait xərcləyir
Sağlamlıq
11 Avqust , 2021 18:29
Deputat: Saxta COVID-19 pasportu hazırlayan şəxslər cəzalandırılacaq

“Dövlətimiz insanların sağlamlığını qorumaq üçün vaksinlərin alınmasına külli miqdarda vəsait xərcləyir. Peyvənd olunmayıb insanların həyatını riskə atan, saxta COVID-19 pasportu hazırlamağa çalışan şəxslər məsuliyyətə cəlb olunur, olunacaq da”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Razi Nurullayev
Razi Nurullayev

O, vətəndaşları vaksin olunmağa, özlərinin və digər insanların həyatını təhlükəyə atmamağa çağırıb: "Biz insanlara izah etməyə çalışırıq ki, dövlət həmin vaksinlərə pul xərcləyir, milyonlarla doza vaksin alır. Bunun isə tək bir səbəbi var: vətəndaşların sağlamlığını qorumaq. Hazırda bütün dünya peyvənd olunur. Biz niyə vaksin vurdurmayıb saxta yollarla pasport əldə edib insanların həyatını təhlükəyə atmalıyıq? Mən bu cür halların baş verməsini ən mədəni formada dözülməz adlandırıram. Belə halların olması yolverilməzdir. Bu tip saxtakarlıqların qarşısı qanuni şəkildə alınır və alınacaq da. Ona görə də həm vətəndaşlar, həm də tibb işçiləri bu kimi saxtakarlıqdan çəkinməli, qanuni şəkildə peyvənd olunmalıdır”.

Qeyd edək ki, avqustun əvvəlində bir neçə tibb müəssisəsində pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesindən keçmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksin olunmaları ilə bağlı saxta COVID-19 pasportu ilə təmin edildikləri məlum olub. Həmin faktlarla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq araşdırmaları aparılır.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, habelə COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə “102” Xidməti Zəng Mərkəzi, "961" nömrəli "Çağrı Mərkəzi", "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.

Son xəbərlər

Orphus sistemi