İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Kommunikasiya Strategiyasının icra vəziyyəti və rəsmi internet səhifəsinin yenilənmiş versiyasının təqdimat mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, sədr müavini Nigar Bayramova, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, dövlət tibb müəssisələrinin direktorları, Rəqəmsal İnkişaf Agentliyinin, media və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun yenilənmiş saytında daha geniş funksionallıq və əhali üçün əhəmiyyətli məlumat bazasının olduğunu vurğulayıb:
“Yeni yaradılmış hər bir qurum üçün özünü təqdim edəcək bir platformaya malik olmaq müasir dövrdə böyük əhəmiyyət kəsb edir. Bizim üçün də bu çox vacib idi. Prioritetlərimizi dəqiq müəyyən edərək əhaliyə daha əlçatan və informativ bir platforma yaratmağa çalışdıq. Yeni saytımız istifadəçilərə daha çox imkanlar verir”.
Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, qurumun fəaliyyətində yeni mərhələ başlayır:
"Əsas diqqət əhalidə məmnunluq hissi, yəni keyfiyyət göstəricilərinin yüksəldilməsinə yönəldiləcək. Hazırda məqsədimiz icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərin kefiyyətinin yüksəldilməsidir. Ötən il ərzində və bu ilin əvvəlindən keçirdiyimiz 499 təlimdə 34 500 insan iştirak edib. Həmin dövrdə keçirdiyimiz təlimlərin 348-i ümumi və ali təhsil müəssisələrində olub. Bununla biz evdar qadınları da əhatə etmiş olduq".
O, Dövlət Agentliyinin Kommunikasiya Strategiyası üzrə görülən işlərdən də bəhs edib:
“Kommunikasiya Strategiyamızın icrası Dövlət Agentliyinin məqsədlərinə, hədəflərinə və auditoriya ilə effektiv ünsiyyətə əsaslanır. Hər bir hədəf qrupunun maraqları və informasiya qəbuletmə üsulları dəyərləndirilir və uyğun kommunikasiya vasitələri seçilir. İcbari tibbi sığorta barədə 8 il ərzində təşkil etdiyimiz maarifləndirmə təlimlərində 100 minə yaxın şəxs iştirak edib”.
Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Fuad Bayramov "İts.gov.az" saytının strukturuna yeni bölmələr əlavə edilib:
"Yenilənmələr zamanı vətəndaşları Dövlət Agentliyinin fəaliyyəti və icbari tibbi sığorta barədə ən çox maraqlandıran məsələlər nəzərə alınıb. Tibb müəssisələrinin axtarış sistemi vasitəsilə vətəndaşlar lazım olan tibbi xidmətin hansı tibb müəssisələrində göstərildiyini müəyyən edə, müxtəlif kateqoriyalar üzrə, həmçinin tibbi ərazi bölmələri (TƏB) və ya şəhərlər üzrə tibb müəssisələrini axtarışa verə, xəstəxananın əlaqə vasitələri, ünvanı və xəritə üzərindən məkan koordinatları ilə tanış ola bilərlər. Xidmətlər Zərfi üzrə axtarış sistemi üzərindən isə tibbi xidmət və onun müqabilində Dövlət Agentliyi tərəfindən xəstəxanaya ödənilən məbləğlə tanış olmaq mümkündür”.
Tədbirin sonunda Dövlət Agentliyinin saytının yenilənməsi zamanı dəstək göstərən Rəqəmsal Tibbi Həllər Məhdud Məsuliyyətli Cəmiyyətinə təşəkkürnamə təqdim olunub.
Foto: Məhəmməd Ağayev