“Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Huşu aydındır, son bir həftə ərzində artıq spontan tənəffüsdədir”.
Bu fikirləri “Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
O bildirib ki, Əməkdar artist palata və Reanimasiya şöbəsinin dəhlizində yeriyir: “Hətta artıq telefondan istifadə edir. Bununla belə bizi narahat edən bir məqam var ki, o da dünəndən bədən hərarətinin yüksəlməsidir. Bunu nəzərə alaraq aparılan müalicəyə əlavələr edilib”.
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən Əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. İyulun 2-də ECMO-dan ayrılıb.
B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.