Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi muxtar respublikanın mühüm səhiyyə turizmi ünvanlarından olan Duzdağ Fizioterapiya Mərkəzinin beynəlxalq EUROHEALTH SPA sertifikatı ilə təmin olunması üçün müraciət ünvanlayıb.
"Report"un yerli bürosu xəbər verir ki, Eurogap Beynəlxalq Sertifikatlaşdırma İnstitutunun Fransa ofisinin eksperti bu müraciət əsasında Duzdağda yoxlamalara başlayıb.
Beynəlxalq Sertifikatlaşdırma İnstitutunun Fransa ofisinin ekspertinin Duzdağ Fizioterapiya Mərkəzində araşdırması bir neçə gün davam edəcək.
Məlumat üçün bildirək ki, mərkəz tənəffüs yolları, astma və bronxial astma xəstəliklərindən əziyyət çəkənlər üçün effektiv təbii müalicə imkanlarına malikdir. Dünyada unikal səhiyyə turizmi ocaqlarından sayılan Duzdağ mağarasına hər il minlərlə turist müraciət edərək şəfa tapır.
Qeyd edək ki, sözügedən institut müraciət edən obyektin təklif etdiyi məhsul və xidmətlərin beynəlxalq standartlara uyğunluğunu yoxlayır. Yoxlamalar nəticəsində çatışmazlıqlar aşkarlanırsa, uyğunsuzluqların aradan qaldırılması tövsiyə olunur. Xidmət və ya məhsul standartlara tam cavab verdiyi halda sertifikatlaşdırılır. “Duzdağ Fizioterapiya Mərkəzi”ndə təşkil olunan araşdırma da bu məqsədə xidmət edir.