Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYP) sərnişin daşıma ilə məşğul olan şirkətlər, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.
İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov "Report"a bildirib ki, “COVID-19” pandemiyasının qarşısının alınması məqsədi ilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi tədbirləri nəticəsində virusa yoluxma sayında nəzərəçarpan azalma qeydə alınıb:
"Lakin son günlərdə gündəlik yoluxmada artımın müşahidə edilməsi yenidən ciddi narahatlığa səbəb olur. Mövcud vəziyyəti nəzərə alaraq, xüsusi karantin rejimi qaydalarına ciddi əməl edilməsi barədə tələblərə riayət edilsin. Aparılan araşdırmalar, təhlillər göstərir ki, gündəlik yoluxma sayında artım karantin qaydalarına əməl edilməməsindən qaynaqlanır.
Xüsusilə taksi fəaliyyəti ilə məşğul olan şəxslər avtomobillərdə şəffaf arakəsmələrin quraşdırılması, avtomobillərin dezinfeksiya edilməsi və nəfəs yollarını qoruyan tibbi maskalardan istifadə edilməsinin zəruriliyini nəzərə almalıdırlar. Özlərinin və sərnişinlərin virusa yoluxma hallarına yol verməmək, infeksiya ilə mübarizədə əldə edilən müsbət nəticələrin qorunub-saxlanılması üçün tətbiq olunan karantin rejiminin tələblərinə ciddi əməl edilməsini tövsiyə edirik.
Paytaxt ərazisində karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədi ilə profilaktik tədbirlər bundan sonra da tərəfimizdən mütəmadi olaraq davam etdiriləcək.
Bir daha sürücülərə fəaliyyətlərini karantin qaydalarına uyğun yerinə yetirmələrini tövsiyə edirik".