“Avtomobillərdə olması zəruri hesab edilən tibbi qutunun adı dəyişdirilib və indi o, "dərman qutusu" yox, "ilk tibbi yardım qutusu" adlanır”.
“Report” xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.
Onun sözlərinə görə, bununla bağlı 19 iyun 2020-ci il tarixdə həm "Yol hərəkəti haqqında" qanuna, həm də İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib: “Səbəb odur ki, bu qutunun içərisində dərman vasitələri yox, sadəcə həkiməqədərki yardımda istifadə edilə biləcək tibbi ləvazimatlar (qanaxmanı dayandırmaq, yaranı sarımaq üçün və s.) olmalıdır.
Hazırda həmin qutunun tərkibi Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 399 nömrəli qərarı ilə təsdiq olunub, lakin "Yol hərəkəti haqqında" qanuna yuxarıda qeyd etdiyim dəyişikliyin qüvvəyə minməsi ilə əlaqədar hökumətə tapşırıq verilib ki, uyğun düzəlişlər edilsin.
Yəqin ki, Nazirlər Kabineti 2019-cu il 9 sentyabr tarixli 399 nömrəli qərarına dəyişiklik edəcək və sadəcə bu qutunun adını dəyişməklə kifayətlənməyərək, hazırda onun içərisində olması nəzərdə tutulan dərman vasitələrini sıyahıdan çıxaracaq.
Məsələ burasındadır , həkimlərin fikrinə əsasən, avtomobilin bəzən 50 dərəcəyədək qızan salonunda saxlanan həmin dərmanlar (Analgin, Aspirin, Nitroqliserin həbləri və s.) ciddi dəyişikliyə məruz qalaraq istifadə edildikdə çox ciddi problem yarada bilər”.