“Sahəmlə əlaqəli gün ərzində təxminən 30-40 nəfər koronaviruslu xəstə ilə təmasda olurduq. Azərbaycana peyvəndin gəlməsinə qədər çox çətinliklərdən keçdik. Ona görə də sağlamlığım, demək olar ki, təhlükə altında idi. Bu səbəbdən COVID-19 əleyhinə peyvənd olunmaq yeganə çıxış yolu idi”.
Bu fikirləri “Report”a açıqlamasında Bakı Sağlamlıq Mərkəzinin (BSM) Terapiya bölməsinin rəhbəri, daxili xəstəliklər üzrə mütəxəssis Zakir Quliyev deyib.
Onun sözlərinə görə, peyvəndin ilk dozasını yanvarın 26-da alıb: “Növbəti peyvəndi isə fevralın 23-də qəbul edəcəyəm. İlk dozadan sonra iki gün yüngül əzələ ağrısı oldu və bu da təbiidir. Ümumilikdə özümü çox yaxşı hiss edirəm”.
Z.Quliyev bildirib ki, koronavirus bəlasından azad olunmağın tək yolu vaksinasiyadır: “Əhaliyə buradan səslənirəm ki, peyvənd olunmaqla bağlı narahat olmağa heç bir əsas yoxdur. Çünki Azərbaycanda istifadə edilən Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini bir çox sınaqdan keçib və effektivliyi sübut olunan ən yaxşı peyvənddir. Hər kəs sırası gəldiyi zaman mütləq peyvənd olunsun”.
Daxili xəstəliklər üzrə işlədiyindən risk qrupundan olan xəstələrinin çox olduğuna diqqət çəkən mütəxəssis pasiyentlərinin bəzilərinin artıq peyvənd olunduğunu deyib: “Onlar da ilk başda narahat idi. Lakin peyvənd olunduqdan sonra zəng edib təşəkkürlərini bildirirdilər. Onların da heç birində peyvəndin hər hansı yan təsiri olmayıb”.
O həmçinin əlavə edib ki, peyvəndin COVID-19-un yeni ştammına qarşı qoruyuculuğu 100 % olmasa da, vaksinasiyadan keçənlər xəstəliyi yüngül keçirəcəklər.