Payız-qış mövsümünün gəlməsi ilə əlaqədar havaların soyuması və immunitetin zəifləməsi təbii prosesdir.
"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib.
Onun sözlərinə görə, bu dövrdə orqanizmin immun sistemini yüksək səviyyədə saxlamaq üçün qida rasionuna bol vitaminli meyvə-tərəvəzi daxil etmək, açıq havada tez-tez olmaq, qapalı məkanları gün ərzində bir neçə dəfə havalandırmaq kimi adi qaydalara riayət etmək lazımdır. Müxtəlif respirator xəstəliklərdən qorunmaq üçün tibbi maskalardan istifadə etmək, kütləvi tədbirlərdə iştirak etməkdən çəkinmək, fiziki məsafəni qorumaq, şəxsi gigiyena qaydalarına riayət etmək və spirt əsaslı dezinfeksiyaedici vasitələrdən istifadə etməyin vacibdir.
Şöbə müdiri istənilən xəstəliyin qarşısının alınması xəstəliyə yoluxub, sonradan ondan müalicə olunmaqdan daha əlverişli olduğunu bildirib. Məhz bu səbəbdən ölkədə bir sıra yoluxucu respirator xəstəliklərə qarşı peyvəndlərin aparılması həyata keçirilir. Hətta immun sistemi olduqca güclü olan insanlar belə ildə ən azı bir dəfə qripə yoluxurlar. Bu xəstəlikdən qorunmaq üçün Azərbaycanda qrip virusuna qarşı peyvəndin tətbiqinə başlanılıb. Məlum olduğu kimi, oktyabr ayının 12-dən etibarən Səhiyyə Nazirliyinin müvafiq əmri ilə ölkəmizdə müəyyən olunmuş əhali qrupları arasında mövsümi qripə qarşı peyvənd kampaniyasına start verilib”.
"Peyvənd kampaniyasının çərçivəsində tibb işçiləri, hamilə qadınlar, tənəffüs yollarının xroniki xəstəliklərinə malik 6 aylıqdan yuxarı uşaqlar və böyüklərin peyvənd olunur. Qripə qarşı peyvənd olunmaq istəyən hər kəs yaşayış yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edib, peyvənd oluna bilər. Onu da qeyd edim ki, mövsümi qrip əleyhinə peyvənd edilmə dövlət tibb müəssisələrində tamamilə pulsuz aparılır” - N.Mürsəlova deyib.