“Koronavirusun yeni “Omikron” ştamı ilə bağlı hazırda təşvişə ehtiyac görünmür. Çünki daha əvvəl də “Delta”, “Delta plus”, “Alfa”, “Beta” kimi mutasiyaya uğramış variantları ilə tanış olmuşuq. Heç bir mutasiyaya uğramış variantda öldürücülük və yoluxuculuq faizi (delta ştamı istisna olmaqla) ciddi bir fərqlənmə hiss olunmayıb, yüksək deyil”.
Bu fikirləri “Report”a açıqlamasında Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib.
O, yeni ştamın dəqiq simptomları barədə fikir bildirməyin hələ tez olduğunu bildirib: “Klinik gedişatla əlaqədar araşdırmalar hələ yetərsizdir. Lakin yeni növün daha sürətlə yayılması ilə bağlı ön fikirlər var. Yoluxduruculuq indeksilə əlaqədar araşdırmalar başa çatmasa da, yoluxma sayında olan sıçrayışlar, sürətli artım rəqəmləri ştamın daha yoluxdurucu olduğuna şübhə yaratsa da, elmi olaraq sübut edilməyib”.
Hazırkı vaksinlərin yeni mutasiyaya qarşı effektli olmasına münasibət bildirən Mərkəzin baş infeksionisti əlavə edib ki, hər bir peyvənd insanları ağır xəstəlik hallarından və ölümdən 90 faiz qoruyur: “Bu qoruyuculuq “Omikron” ştamına da aid edilə bilər”.
Qeyd edək ki, mütəxəssislər yeni ştamın simptomlarını kimi güclü yorğunluq, sürətli ürək döyüntüsü, yüksək hərarət kimi qiymətləndiriblər. Yeni ştam özündə 32 mutasıyanı birləşdirir və bu səbəbdən təhlükəli sayılır.