Azərbaycanda koronavirus pandemiyası ilə mübarizəyə cəlb olunan orta, kiçik tibb və qeyri-tibb işçilərinin əməkhaqları və ona edilən əlavələrin ödənməməsi ilə bağlı məlumatlar yayılıb.
“Report” xəbər verir ki, Azərbaycan Tibb Universitetinin həkim-radioloqu Aydın Əliyev bununla bağlı sosial şəbəkələrdə video paylaşıb.
O qeyd edib ki, çox sayda tibb işçisi ötən ayın əlavələrini ala bilməyib: “Məndə olan məlumata görə, hətta təcili tibbi yardımın həkimləri dekabr ayının da ödənişini ala bilməyib. Nəzərə alaq ki, bir çox tibb işçisi koronavirusla mübarizədə virusa yoluxub. Ona görə də həkimlərin haqqına girmək olmaz. Bəzən tibb bacısı və ya xadimə bizə deyir ki, yol pulumuz yoxdur. Aidiyyəti qurumlar ödəniş məsələsinin Maliyyə Nazirliyinin səlahiyyətlərinə aid olduğunu deyir. İş tələb edəndə və ya hansısa qüsur olanda cəzalandırmalar olur, ancaq əmək haqları məsələsi olanda hər kəs yaxasını kənara çəkir”.
Məsələ ilə bağlı ATU-dan “Report”a bildirilib ki, universitetin klinikasında çalışan həkimlər maaşlarını alıblar, sadəcə əlavələr hələlik ödənməyib: “Bu da Maliyyə Nazirliyinin görəcəyi işdir”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə qeyd edilib ki, Agentlik yalnız təqdim olunan siyahını aidiyyəti üzrə təqdim edir.
Maliyyə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, ödəniş üçün Nazirlər Kabineti sərəncam verməlidir: “Hökumətin qərarından sonra ödəniş həyata keçiriləcək”.
Nazirlər Kabineti məsələ ilə bağlı “Report”un sorğusunu cavablandırmayıb.