BMT-nin Uşaq Fondu UNICEF-in nümayəndələri Naxçıvan Muxtar Respublikasında (MR) səfərdədirlər.
"Report"un yerli bürosunun məlumatına görə, səfər çərçivəsində muxtar respublikanın səhiyyə naziri Samiq Sadıxov ilə UNICEF-in Azərbaycan nümayəndəliyinin Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva arasında görüş keçirilib.
Görüş zamanı tərəflər regionda immunizasiya proqramlarının mövcud vəziyyəti, əhalinin vaksinasiya ilə əhatə olunma səviyyəsi barədə fikir mübadiləsi aparıblar.
Eyni zamanda, görüş zamanı qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və immunizasiya ilə bağlı gələcək addımların müəyyənləşdirilməsi məqsədilə müzakirələr aparılıb.
Qeyd olunub ki, səfərin əsas məqsədi muxtar respublikada immunizasiya proqramının həyata keçirilmə səviyyəsinin qiymətləndirilməsidir.