“Aparılan elmi tədqiqatlara əsaslanmaqla “Omikron” ştamının yayılma sürətinin digər növlərlə müqayisədə daha çox olduğunu deyə bilərik. Hər növbəti gün ötən günlərlə müqayisədə iki dəfəyə qədər artma təhlükəsi var. Bu da yeni ştamın yoluxduruculuq əmsalı ilə əlaqəlidir”.
Bu fikirləri “Report”a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, yoluxmaların artması digər ölkələr kimi, Azərbaycanda da qaçılmazdır: “Sadəcə, elmi araşdırmalara əsasən düzgün strategiya seçmək lazımdır. Ən başlıca məqam effektiv peyvəndlərin istifadəsidir. Çünki bu günədək yeni ştamlara yoluxanların elmi araşdırmalarının nəticələri onların xəstəxanaya yerləşdirilmə göstəricisinin aşağı olduğunu deməyə əsas verir. Məsələn, koronavirus əleyhinə ən azı iki doza peyvənd vurduran şəxsin xəstəxanaya düşmə riski 34 % azalırsa, buster doza qəbul edənlərdə bu göstərici 64 % olur. Bu da onu deməyə əsas verir ki, buster dozanın tətbiqinin sürətlənməsi “Omikron”la yayılma dalğasının zamanını gecikdirə bilər. Bu da “Omikron” və ona bənzər ştamlara qarşı daha güclü təsir edəcək modifikasiya olunmuş peyvəndlərin tətbiqinədək ən effektiv mübarizədir”.
Mütəxəssis qeyd edib ki, insanların modifikasiya olunmuş peyvəndlərə (“Omikron” ştamına effektiv təsir etmək üçün dəyişiklik ediləcək mRNT peyvəndləri) ehtiyacı var: “Vətəndaşların mart ayından sonra bu tipli vaksinasiyaya cəlb olunması virusa qarşı çox güclü və geniş immunitet yarada bilər. Bu da yay aylarını normal keçirtmək deməkdir. Endemik vəziyyətdə modifikasiya edilmiş peyvəndlərin tətbiqindən sonra virusun daha heç bir gücünün olmaması gözləniləndir və ciddi şəkildə ağırlaşmalara səbəb olmaması realdır. Peyvəndləmə işinin doğru aparıldığı ölkələrdə pandemik vəziyyətin illərlə davam etməyəcəyi artıq dəqiqdir”.
N.Abdullayev vətəndaşları koronavirusun yeni ştamından qorunmaq üçün tövsiyələrə əməl etməyə çağırıb: "Həmin vaxtadək qaydalara ciddi əməl etməklə və buster dozanın vurulması ilə özümüzü, eləcə də yaxınlarımızı qoruya bilərik. Hər kəs bilməlidir ki, “Omikron” da elmin istədiyi endemik vəziyyətə çatmaq üçün ən uyğun ştamdır. Bununla da pandemiyanı bitirmək olar. Sadəcə, düzgün strategiya seçilməsi mütləqdir".
Qeyd edək ki, yanvarın 24-dən Azərbaycanda karantin müddəti 14 gündən 7 günə qədər azaldılıb.
Ötən gün yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar gün ərzində 11 525 test icra olunub. Nəticədə koronavirusa yeni - 2 468 yoluxma faktı qeydə alınıb, sağalanların sayı isə ötən sutka ərzində 5 197 nəfər olub.