“Bir sıra araşdırmalara görə pandemiya yuxunun keyfiyyətinə də təsir göstərib”.
“Report”un məlumatına görə, bunu Rusiya Dövlət Dumasının millət vəkili, psixiatr Boris Mendeleviç RİA “Novosti”yə açıqlamasında deyib.
Onun sözlərinə görə, pandemiyadan sonra yuxusuzluqdan əziyyət çəkən insanların sayı 40 faiz artıb: “Digər elm adamları qeyd edirlər ki, sorğu iştirakçılarının demək olar ki, dörddə biri kabuslar görür və gecələr pis yuxu nəticəsində oyanırlar”.
O, qeyd edib ki, fiziologiya və psixologiya baxımından yuxu və stressin bir-birinə təsiri olduqca böyükdür:
“Stress yuxunun keyfiyyətinə və müddətinə mənfi təsir göstərir. Öz növbəsində yuxu çatışmazlığı da stress səviyyəsini artırır. Yuxu problemi həmçinin baş ağrısı da yaradır. Ümumiyyətlə dünya əhalisinin üçdə biri bu xəstəlikdən əziyyət çəkir. Eyni zamanda, yuxu problemi olan insanlar, bir qayda olaraq, yalnız ciddi nəticələr ortaya çıxdıqda həkimə müraciət edirlər. Yuxusuzluğun sonrakı fəsadları olduqca ciddi ola bilər. Düşünmə qabiliyyətinin geriləməsindən tutmuş ürək-damar sistemi daxil olmaqla xroniki xəstəliklərə qədər”.
Mendeleviç əlavə edib ki, uşaqlar və gənclər üçün yuxuya getmək norması 20, böyüklər üçün təxminən 30 dəqiqə hesab olunur.