Psixoloq: "Məktəbli "patı"dan qurtulmaq üçün müraciət etmişdi, sağaltdıq"

Psixoloq: "Məktəbli "patı"dan qurtulmaq üçün müraciət etmişdi, sağaltdıq" Son zamanlar metamfetamin qrupundan olan və "Patı"kimi tanınan narkotik maddə daha çox yeniyetmə və gənclər arasında yayılmağa başlayıb.
Sağlamlıq
19 Avqust , 2021 19:14
Psixoloq: Məktəbli patıdan qurtulmaq üçün müraciət etmişdi, sağaltdıq
Rəna Seyidova

Son zamanlar metamfetamin qrupundan olan və "patı" kimi tanınan narkotik maddə daha çox yeniyetmə və gənclər arasında yayılmağa başlayıb.

Ölkədə bu maddədən istifadə edənlərin və alqı-satqısı ilə məşğul olanların sayının son 6 ayda artması təəssüf doğurur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Report”un Qərb Mərkəzinə bildirib ki, şəhər ərazisində narkotik vasitələrin alqı-satqısını, onun təbliğatını aparanlar, istifadə edənlər müəyyən olunur və barələrində qanuni qaydada tədbirlər görülür:

“Gəncə şəhərində son 6 ay ərzində ümumilikdə 43 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb ki, həmin narkotik vasitələrdən 5 kiloqramı güclü təsir edən narkotik vasitələr qrupuna aid olan, heroin və şüşə, "patı" kimi tanınan metamfetamin, tiryək və digərləridir”.

E.Qasımov əlavə edib ki, polis əməkdaşları pandemiya səbəbindən onlayn şəraitdə təhsil müəssisələrində şagirdlərlə də söhbətlər aparır. Onlara narkotik vasitələrin təsiri, yaratdığı zərərlər barədə məlumatlar verilir:

“Biz vətəndaşlardan da xahiş edirik ki, son vaxtlar daha da geniş yayılan bu problemin aradan qaldırılması üçün polisə dəstək olsunlar, düşünməsinlər ki, qonşuluqda narkotik istifadə edən şəxs ondan uzaqdır və onun düşdüyü bəla onun özünə və yaxınına təsir etməz. Bizimlə birgə mübarizə aparan bütün vətəndaşların həm anonimliyi, həm təhlükəsizliyi yüksək səviyyədə təmin olunur və olunacaq da. Narkotik vasitə istifadəsi və ya satışı ilə məşğul olduğuna şübhə olan biri barədə məlumat olsa, dərhal polis əməkdaşlarına və ya Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bununla bağlı məlumat verin”.

Bu bəlaya qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə QHT-lər, KİV-lər, vətəndaşlar, həkim və psixoloqlar da mübarizə aparmalıdırlar.

Psixoloq Rəna Seyidova “Report”a bildirib ki, yeniyetmə və gəncləri ölümə aparan bu yoldan qorumaq üçün öhdəlik daşıyanlardan biri də valideynlərdir:

“Təəssüf ki, son zamanlar yeniyetmə və gənclər arasında narkotik vasitələrin istifadəçiləri çoxalıb. İş təcrübəmizdə məlum olur ki, daha çox natamam ailələrin övladları və ya ailədə özünü ifadə edə bilməyən, duyğularını çatdırmağı bacarmayan yeniyetmə və gənclər bu bəlanın qurbanı olurlar. Gənclər yaranmış problemli situasiyadan çıxma bacarığı olmadığını, yaxınlarının onları anlamadığını və ya problemlərini dinləmədiyini düşünərək çox təəssüf ki, bu üsula əl atırlar. Ona görə valideynlərə diqqətli olmalarını tövsiyə edirik”.

R.Seyidova əlavə edib ki, valideynlər övladlarının əvvəlkindən daha çox aqressivləşdiyini, çəkisinin azaldığını, göz bəbəklərində böyümə və ya kiçilmə kimi halları müşahidə etsələr, mütləq psixoloqa və ya həkimə müraciət etməlidirlər:

“Övladlarımızı, yaxınlarımızı ailənin, psixoloji yardımların köməyi ilə narkotikdən qoruya bilərik. Yetər ki, vaxtında onlara dəstək olaq, maarifləndirək. Zamanında onların yanında olaq ki, problemin həllini narkotik vasitədə görməsinlər”.

Psixoloq qeyd edib ki, son illər narkotik vasitədən istifadə edənlər sırasında oğlanlarla yanaşı, qızların da sayı artıb. Onlar arasında yeniyetmə, 14-15 yaşında orta məktəb şagirdi olanlar da olub:

“Elə son psixoloji yardım göstərdiklərimizdən biri də 10-cu sinif şagirdi olan bir oğlan idi. O, bu bəlaya qonşuluqda narkotik istifadəçisi olan 32 yaşlı bir xanımın vasitəsi ilə düşmüşdü. Biz psixoloji, həkimlər isə tibbi olaraq köməklik göstərdi, onu bu bəladan xilas etdik. Bu işdə əsas rolu isə valideyn oynayıb. Çünki məktəblinin atası məsələdən xəbər tutan kimi mütəxəssislərdən kömək istəyib və övladına dəstək olub”.

Yaranan problemlərin həlli üçün yalançı hisslərin düşüncəsi ilə ölümə aparan bu yoldan dönmək heç vaxt gec deyil. Sağlam həyat sağlam düşüncədən, sağlam qərarlardan asılıdır.

Son xəbərlər

Orphus sistemi