Rusiya Səhiyyə Nazirliyi Rusiya Elmlər Akademiyası M.Çumakov adına Federal Elmi Mərkəzində koronavirusa qarşı yaradılmış “KoviVak” peyvəndini qeydiyyata alıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hökumət sədri Mixail Mişustin yeni dərmanın gələn ay 120 min dozasının əhaliyə təqdim ediləcəyini açıqlayıb.
Qeyd edək ki, Rusiyada qeydiyyatdan keçirilən sayca üçüncü koronavirus peyvəndi olan “KoviVak” bütöv zərərsizləşdirilmiş koronavirus əsasında yaradıldığı üçün orqanizmin virusu ayırd edərək yadda saxlamasını təmin edir.
M.Çumakov mərkəzinin direktoru Heydər İşməhəmmədovun sözlərinə görə, “KoviVak” koronavirusun genomu hissələri yox, bütöv virus əsasında yaradıldığı üçün mutasiyaya uğramış ştammlara qarşı da səmərəli olacaq.