Gələn il Rusiyada vərəm xəstəliyinin kütləvi yayılması baş verə bilər.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Uzaq Şərq regionu üzrə baş vərəm mütəxəssisi Pavel Fadeyev "Çita.ru"ya bildirib.
Həkimin sözlərinə görə, koronavirus pandemiyası fonunda xəstələrin dispanserlərə yerləşdirilməsini məhdudlaşdırmaq lazım gəlib. Bunun nəticəsində profilaktik müayinələrin sayı 30 daiz azalıb.
Fadeyev qeyd edib ki, bu, vərəm xəstələrinin natamam üzə çıxarılmasına və son nəticədə isə onun yayılmasına gətirib çıxaracaq. Çünki xəstəliyi ilk mərhələlərdə aşkarlamaq çox çətindir.
"Yəni biz vaxtında dispanserləşdirmə keçməyən və flüoroqrafiya etməyən bu insanların hesabına vərəm xəstələrinin sayının artmasını gözləyirik”, - həkim əlavə edib.
Pavel Fadeyevin sözlərinə görə, xəstəliyin yayılmasının başqa mənbəyi COVID-19-a yoluxmuş insanlar ola bilər. Onların zərər çəkmiş ağciyərləri vərəm törədiciləri üçün asan hədəf olacaq.