8 Noyabr Zəfər Günü münasibətilə çəkilən və tibb işçilərinin Vətən müharibəsindəki fəaliyyətinə həsr olunan “Şəfa cəbhəsi” filminin təqdimat mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin müavini Nigar Bayramova, TƏBİB və Agentliyin struktur bölmə rəhbərləri, filmdə iştirak edən tibb işçiləri, tibb müəssisələrinin rəhbərləri, şəhid və qazi ailələrinin üzvləri iştirak edib.
Filmdə Vətən müharibəsində iştirak edən 12 tibb işçisi, habelə TƏBİB tərəfindən koordinasiya işinin təşkilində iştirak etmiş rəhbər şəxslər yer alıb.
Müharibə dönəmində cərrahiyyə otağındakı ifası ilə məşhurlaşan 44 günlük Vətən müharibəsinin qazisi Məbud Əhmədov xatirələrindən danışılıb.
Eyni zamanda filmdə İlham Əliyevin Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azadlığı uğrunda və “Vətən uğrunda” medalları ilə təltif etdiyi Məbud Əhmədov müharibə dönəmində məşhurlaşdığı ifasını yenidən səsləndirib.
Qeyd edək ki, filmin ideya və ssenari müəllifi TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğludur. Şöbənin əməkdaşları İlkin Məmmədov filmin quruluşçu operator və montajçısı, Kamil Əmirli isə icraçı prodüseri qismində iştirak edib.