Səhiyyə Nazirliyi ilə Dövlət Vergi Xidməti arasında ilkin müzakirələr aparılıb və funksional fəaliyyət ehtiyaclarından irəli gələrək məlumat bazalarının qarşılıqlı inteqrasiyası, birgə nəzarət tədbirlərinin aparılması, rəqəmsal inzibatçılığın gücləndirilməsi sahələrində əməkdaşlığa dair razılığa əldə olunub.
“Report” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.
Onun sözlərinə görə, bu məqsədlə, Dövlət Vergi Xidməti ilə Səhiyyə Nazirliyi arasında əməkdaşlığa dair Tədbirlər Planı hazırlanır:
“Eləcə də digər qurumlarla, Təhsil Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi ilə birgə təhsil müəssisələrində sağlam həyat tərzinin təşviqi sahəsində, Dövlət Statistika Komitəsi ilə səhiyyə statistikası mövzusunda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə geoinformasiya sistemlərinin tətbiqi istiqamətində, Maliyyə Nazirliyi ilə səhiyyənin maliyyələşdirilməsi mövzusunda və digər qurumlarla yaxından əməkdaşlıq aparılması planlaşdırılır”.