“Hazırda Azərbaycanda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində dünyada sürətlə yayılan “Delta” ştammı əlaqəli tədqiqatlar aparılır”.
Bunu “Report”a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
TƏBİB sədri xatırladıb ki, bir neçə ay əvvəl ölkədə “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilmişdi və bununla bağlı ictimaiyyətə də məlumat verildi.
R.Bayramlı bildirib ki, “Delta” ştammı artıq Azərbaycanla qonşu dövlətlərdə də qeydə alınıb:
“Bu səbəbdən yeni ştammın Azərbaycana keçmə ehtimalı böyükdür. Lakin bunun vaxtında aşkar olunması və profilaktik tədbirlərin görülməsi mütləqdir. Milli Hematologiya və Transfuziologiya Mərkəzi yeni ştammı aşkar edə bilmələri üçün lazımi avadanlıqlarla təmin edilib. Xüsusi protokol da hazırlanıb. Protokola uyğun olaraq riskli ölkələrdən Azərbaycana daxil olan şəxslərdən nümunələr götürülür”.
O əlavə edib ki, beynəlxalq təcrübəyə uyğun olaraq xəstəliyi daha ağır formada keçirənlərdən, eləcə də epidemioloji nəzarətdə saxlanılan xəstəliyin artımı olduğu lokal bölgələrdən də genetik analizlər götürülür:
“Hazırda nümunələr toplanılıb və təqdim olunur, mütəmadi müayinələr də aparılır. Hesab edirəm ki, əgər yeni ştamm aşkar olunarsa, ən yaxın zamanda ilkin məlumatlar təqdim edə biləcəyik”.
“Hər birimizin belə təhlükə ilə üz-üzə qalmağımızı unutmamalıyıq”, – Ramin Bayramlı qeyd edib.