“Son illər hepatit virusu insanları narahat edir. Qanla yoluxan xəstəliklərin profilaktikası infeksiyaya nəzarət proqramında üstünlük təşkil edir”.
“Report” xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, bəzən bir çox tibb müəssisəsi infeksiyaya nəzarət proqramını xəstəxananın təmizlik və dezinfeksiya ilə əhatə olunması kimi başa düşür: “Mütəxəssislərə müraciət edərdim ki, infeksiyaya nəzarət proqramı xəstəxanalara epidemioloji nəzarət deməkdir. Bunun üçün ilk növbədə xəstəxanada olan mühit dəyərləndirilməlidir. Monitorinq zamanı hazırlanan hesabatda xəstəxanada hansı sahə üzrə problemlərin olduğu dəyələrləndirilməlidir. Bundan sonra bu sahədə müəyyən dəyişiklik edilə bilər”.
“Xəstəxanada infeksiyaya nəzarət proqramını qurmaq istəyən hər bir müəssisə rəhbəri səhiyyə ocağında epidemioloji nəzarətə başlamalıdır. Tibb işçilərinə, xüsusilə də rəhbərlərə müraciət edirəm ki, infeksiyaya nəzarət proqramının mövcudluğu üçün güclü mikrobioloji laboratoriyanız olmalıdır” , - Y.Qarayeva bildirib.