Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.
"Report" xəbər verir ki, görüşün əvvəlində Teymur Musayev Tedros Adhanom Qebreyesusu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru vəzifəsinə ikinci müddətə seçilməsi münasibətilə təbrik edib. O, ötən müddət ərzində Təşkilatın Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Daha sonra nazir COVID-19 pandemiyası ilə mübarizədə ölkəmizin uğurlu təcrübəsini paylaşaraq, vaksinasiya səviyyəsinin əhalinin hədəf qrupu üzrə 90%-dən artıq olduğunu, Azərbaycanın “COVAX” təşəbbüsünə qoşulan ilk ölkələr sırasında yer aldığını diqqətə çatdırıb, həmçinin son dövr ərzində əhalinin sağlamlığının qorunması məqsədilə aparılan islahat tədbirlərinə dair məlumat verib.
Təşkilatın Baş direktoru cənab Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidenti İlham Əliyevin ÜST ilə əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndirib. Xüsusən pandemiya dövründə ölkəmizin Təşkilata etdiyi humanitar yardımları, eyni zamanda xəstəliyin aradan qaldırılması məqsədilə ölkələri birgə əməkdaşlığa səsləyən qlobal çağırışları xatırladıb.
Qebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə sıx təmaslarının olduğunu diqqətə çatdıraraq iyun ayında keçiriləcək Forumda iştirakını səbirsizliklə gözlədiyini bildirib. Forum çərçivəsində Tedros Adhanom Qebreyesus ilkin səhiyyə xidmətləri sahəsində Azərbaycanda görülən işlərlə yaxından tanış olmaq istəyini diqqətə çatdırıb.
Sonda tərəflər arasında Təşkilatın səhiyyə böhranlarına hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi, akademik fəaliyyətin genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.