Türkiyənin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Çindən aldığı “Sinovac” vaksinləri Səhiyyə Nazirliyinin laboratoriyalarında yoxlamadan keçirilir. Prosesin yanvarın 14-də başa çatacağı gözlənilir.
"Report" xəbər verir ki, ölkəyə gətirilən vaksinlərin yoxlanması başa çatan kimi kütləvi peyvəndləmə ilə bağlı qərar veriləcək.
Hələlik yoxlamadan keçirilən “Sinovac” vaksinləri ilə bağlı mənfi fikir bildirilməyib.
Qeyd edək ki, Çinin “Sinovac” vaksini Türkiyədə klinik sınaqlardan uğurla çıxıb. İlkin mərhələdə 50 milyon doza sifariş edilib. İlk növbədə səhiyyə işçiləri arasında peyvəndləmə aparılacaq. Hər kəsə iki dozanın vurulması tövsiyə edilir. Bildirilir ki, vaksinlər 28 günlük fasilə ilə vurulduqda infeksiyaya qarşı daha dözümlü vəziyyət yaradır.